"İnternetdə uşaqların təhlükəsizliyi" mövzusunda videoçarx müsabiqəsi davam edir.
Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Sevinc Niftiyevanın "İnternetdə uşaqların təhlükəsizliyi” mövzusunda Bakı məktəbləri arasında birinci videoçarx müsabiqəsi adlı layihəsi uğurla davam etdirilir.
Layihənin əsas məqsədi məktəbdə uşaqlara internetdən faydalı istifadə qaydalarını aşılamaq və onları mövcud təhlükələrdən qorumaqdır.
Layihənin vəzifələri aşağıdakılardır:
- şagird, müəllim və valideynləri dünyada tətbiq olunan, "Microsoft” şirkətinin “Shild Safety Online” qlobal proqramı əsasında hazırlanmış 3 ayrı-ayrı 8 saatlıq təlim paketi əsasında təlimləndirmək;
- yaradıcı şagirdləri aşkar etmək;
- onların biliklərinin təkmilləşdirilməsi üçün ustad dərsləri təşkil etmək;
- bütün fəaliyyətləri sosiallaşdırmaq;
- bu şagirdlərin tədrisdə əldə etdikləri bilikləri gələcək yaradıcı şagirdlərə ötürməsini və həmyaşıtdan həmyaşıda davamlılığını təmin etmək.
Layihə çərivəsində ilk təlim sentyabrın 19-da Bakı şəhəri 165 nömrəli tam orta məktəbdə baş tutmuşdur. Müvafiq olaraq təlimlər oktyabrın 12-i və 18-də Bakı şəhəri 225 nömrəli və 177 nömrəli tam orta məktəbdə də keçirilmişdir.
Layihənin icra müddəti 1 avqust – 30 noyabr 2018-ci il tarixlərini əhatə edir.
Qeyd edirik ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.