Rus dili müəllimləri üçün həyata keçirilən layihə uğurla davam etdirilir
Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Şəmkir rayon Morul tam orta məktəbinin rus dili müəllimi Gözəlova Süzulənin “Rus dili müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması” adlı layihəsi uğurla davam etdirilir.
Layihənin əsas məqsədi Şəmkir rayonunda fəaliyyət göstərən rus dili müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların müasir təlim texnologiyaları, təlim nəzəriyyələri, pedaqoji prosesin motivasiya və idarəetmə üsulları, rus dili dərslərində informasiya kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməsinə dəstək olmaq, həmçinin mövcud imkanlardan faydalanaraq şagirdlərdə rus dilinə marağın artırılması və bu yolla şagirdlərin dil biliklərinin günün tələblərinə uyğun səviyyədə formalaşmasına nail olmaqdır.
Şəmkir Rayon Təhsil Şöbəsi ilə birlikdə Şəmkir rayon ümumtəhsil məktəblərində çalışan 20 rus dili müəllimi seçilib və onlar mərhələli şəkildə bir sıra fəaliyyələrə cəlb olunurlar.
Artıq layihə çərçivəsində muəyyən fasilələrlə “Rus dilinin tədrisində kurikulumun tətbiqi metodikası”, “Rus dilinin tədrisində İKT vasitələrindən, Microsoft Ofis proqramlarından, elektron lövhələrdən, veb alətlərdən və digər elektron təhsil resurslarından istifadə” mözusunda təlimlər, “Rus dilinin məktəbdə xarici dil kimi tədrisi” adlı seminar keçirilib.
Layihə çərçivəsində müəllimlərin Rusiya universitetlərində və pedaqoji saytlarinda kecirilən vebinarlarda iştirakı nəzərdə tutulub. Oktyabrın 30-da Moskva şəhər A.S.Puşkin adına Rus dili və Ədəbiyyatı İnstitutuna layihə rəhbəri tərəfindən edilən müraciətə qarşılıq olaraq İnstitutun təşkilat komitəsi və rəhbərliyi tərəfindən Şəmkir şəhərinin rus dili müəllimləri ücün canlı yayımla "Rus dili dərslərində şagirdləri motivasiya etmə üsulları" adlı vebinar keçirilib. Lektor İnstitutun rus dili üzrə aparıcı mütəxəsisi Natalya Vladimirovna Vinoqradova olub.
Eyni zamanda layihə müddətində pedaqoji müsabiqələr üçün açıq dərslərin hazırlanması və bu dərslərin Rusiyanın www.multi.urok, www.info.urok və s. kimi pedaqoji saytlarında yerləşdirilməsi nəzərdə tutulub.
Layihənin gedişatında Gürcüstan Respublikası ümumtəhsil məktəbinin rus dili müəllimləri ilə telekörpünün keçirilməsi də planlaşdırılır. Bu mərhələdə müəllimlərin gürcü həmkarları ilə “Rus dilinin xarici dil kimi tədrisi”ndə istifadə olunan innovativ və maraqli yeniliklər barədə disskusiya aparmaqla yanaşı həm də öz təcrübələrini digər müəllimlərlə bölüşdürməsi nəzərdə tutulub.
Layihə müddətində elektron resurslardan mətn, qrafik, audio, vidoe və başqa tipli fayllardan ibarət disklərin hazırlanması və daha sonra bu disklərin müdavimlər arasında paylanılması planlaşdırılır.
Xatırladaq ki, layihənin təqdimatı sentyabrın 29-da Şəmkir şəhər Nizami adına orta məktəbdə baş tutub.
Layihənin icra müddəti 5 sentyabr – 5 dekabr 2018-ci il tarixlərini əhatə edir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.