06.11.2018

"Müəllimlər arasında müasir qiymətləndirmə vasitələrinin təbliği" layihəsi uğurla davam etdirilir

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin riyaziyyat  müəllimi  İlhamə Zeynalzadənin “Müəllimlər arasında müasir qiymətləndirmə vasitələrinin təbliği" layihəsi uğurla davam etdirilir.

Layihənin əsas məqsəd və vəzifələri 9-cu sinif şagirdlərinə riyaziyyat fənnini tədris edən müəllimləri yeni qiymətləndirmə vasitələri haqqında məlumatlandırmaqla təlimlər təşkil etmək, öyrənilən yenilikləri tədris prosesində tətbiq etmək, şagirdləri buraxılış imtahanlarına hazırlamaq üçün riyaziyyat fənni üzrə sınaq imtahanlarını təşkil etməkdir.

 Layihə Daşkəsən şəhəri üzrə 12 müxtəlif ümumi təhsil müəssisəsində riyaziyyat fənnini tədris edən müəllimləri və 9-cu sinif şagirdlərini əhatə edir. 

Layihənin tanıtım tədbiri avqust ayında Daşkəsən Rayon Təhsil Şöbəsinin əməkdaşları və məktəb direktorlarının iştirakı ilə təşkil olunmuş, layihənin məqsədi və görüləcək işlər barədə məlumat verilmişdir. Daha sonra 9-cu sinifdə riyaziyyat fənnini tədris edən müəllimlərə təlimin yeri və vaxtı bildirilmişdir.

Təlimlərin bir hissəsi sentyabr ayında Daşkəsən rayon İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə təşkil olunmuşdur. Növbəti təlim noyabr ayının ilk həftəsində keçirilmişdir. Təlimdə 21 nəfər riyaziyyat fənnini tədris edən müəllim iştirak etmişdir.

Xatırladırıq ki, oktyabr və noyabr aylarında müəllimlərlə birlikdə açıq dərslərin təşkil olunması nəzərdə tutulmuşdur və bu dərslərin bir hissəsi artıq keçirilib. Oktyabr ayında 150 nəfər  9-cu sinif şagirdləri üçün sınaq imtahanı keçirilmişdir. Növbəti sınaq imtahanının noyabr ayında keçirilməsi nəzərdə tutulub.

 Layihənin icra müddəti 01 avqust – 01 dekabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edirik ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.