STEM kurikulumları sınaqdan keçirilir
Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabisəsi"ndə ümumtəhsil məktəblər kateqoriyası üzrə qalib olmuş 251 № li tam ortra məktəbin “İbtidai siniflərin kurikulumunun praktik STEM məşğələləri ilə zənginləşdirilməsi: müqayisəli analiz və pilot proqramlar" adlı layihəsi uğurla icra olunmaqdadır.
STEM Təhsil Mərkəzi ilə birgə həyata keçirilən layihənin əsas məqsədi məqsədi ibtidai siniflərin dərs proqramlarını beynəlxalq STEM kurikulumu ilə müqayisəli analiz etmək və həmin analizin nəticələri əsasında ibtidai sinif kurikulumlarına pilot praktik STEM məşğələləri tətbiq etməkdir.
Qeyd edək ki, STEM təhsil metodu şagirdlərə dörd spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.
Artıq layihə çərçivəsində on bir nəfət müəllim üçün təlimlər keçirilib və məktəbdə istifadə etmək üçün STEM kurikulumları hazırlanıb.
Hazırda layihə çərçivəsində STEM dərsləri pilot olaraq məktəbin şagirdləri üçün sınaqdan keçirilir. Gələcəkdə isə məktəbdən sonra dərnək, əmək dərsləri və ya texnologiya dərslərində istifadə oluna bilər.
Biliklərin real həyata uyğunlaşdırılması, layihə əsaslı təhsil, praktik dərslər ilə tətbiqi qabiliyyətlərin inkişafı, dərin elmi biliklərin sadə və əyləncəli izahı, təqdimat, qrup işi və kommunikasiya bacarıqlarının inkişafı, kritik düşünmə, kreativlik və problem həlli səriştələrinin inkişafı, özünəinamın artması və karyera seçimində dəstək kimi məsələlər layihə çərçivəsində qarşıya qoyulmuş vəzifələrdəndir.
251 nömrəli tam orta məktəbin direktoru Aygün Əzizovanın rəhbərlik etdiyi layihənin icra müddəti 3 sentyabr – 3 dekabr 2018-ci il tarixlərini əhatə edir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.