16.11.2018

Oxu və imla mətnlərinə dair vəsaitin təqdimatı olub

Noyabrın 15-də Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş "Zəngi" liseyinin "İbtidai təhsil pilləsi üzrə  oxu və imla mətnlərinə dair xüsusi  kitabların  hazırlanması” adlı layihəsi çərçivəsində təqdimat mərasimi keçirilib.

Layihə çərçivəsində hazırlanmış "İbtidai təhsil pilləsi üzrə  oxu və imla mətnlərinə dair xüsusi  kitabların  hazırlanması” adlı vəsaitin təqdimat mərasimində tanınmış yazıçı Rafiq Yusifoğlu, Milli Elmlər Akademiyasının əməkdaşı Əli Şamil, Təhsil Nazirliyinin əməkdaşı Rəbiyyə Müseyibzadə, "Zəngi" liseyinin direktoru Almaz Əsgərova, liseyinin müəllim kollektivi və başqaları iştirak ediblər.

İştirakçılara bildirilib ki, bu vəsaitdə yeni təlim metodları, yeni imla texnologiyaları, 150-dən artıq imla mətnləri yer alıb. İmla mətnləri müasir şagirdin dünyagörüşünə, tələblərinə cavab verən tərzdə yazılıb. Qeyd edilib ki, müasir imla texnologiyası ənənəvi üsulla yazılmış imlalardan köklü surətdə fərqlənir. Vəsaitdə yer alan yeni imla növlərindən "Qaçaraq imla", "Gəzərək imla", "Dicto Gloss" imla, "Situasuyanın davamı" imlası, "Seçmə" imla və.s qeyd edilib.

Layihənin əsas məqsədi şagirdlərdə imlaya maraq oyatmaq, imla yazma prosesini sevimli və əyləncəli tapşırığa çevirmək, müəllimləri dünyanın qabaqcıl ölkələrində uğurla tətbiq edilən yeni imla texnologilaları, müasir, kreativ təlim metodları ilə tanış etmək, 150-dən artıq yaradıcı, müasir, rəngarəng imla mətnləri ilə, oxuyub-anlama, dinləyib-anlama mətnləri ilə təmin etmək və onların imla yazdırma haqqında olan stereotiplərini sındırmaqdan ibarətdir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.