19.11.2018

3 məktəbdə "Özünüidarə günü" keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin Məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Naibə Kərimlinin “Özünüidarə günü” adlı layihəsi uğurla davam etdirilir.

Latihənin əsas məqsədi passiv şəkildə fəaliyyət göstərən şagird təşkilatlarının fəaliyyətini aktivləşdirmək, məktəbdə keçiriləcək bir günlük “Özünüidarə günü”nün köməyi ilə şagirdləri məktəbin idarəolunmasında fəallıq göstərməyə cəlb etmək, əsasən yuxarı sinif şagirdlərindən repetitorluq meyilindən irəli gələrək məktəbin ictimai həyatından uzaqlaşan və potensialı olanların məktəbə cəlb edilməsindəən ibarətdir.

Layihə eyni zamanda gələcək müəllimlərin, idarəçilərin yetişdirilməsinə dəstək olmaq, şagirdləri Uşaq Hüquqları Konvensiyasında əks olunan bir sıra hüquqlar (İştirak hüquq, İnformasiya əldə etmək hüququ və b.) ilə təmin etmək kimi məqsədləri də qarşıya qoymuşdur.

Layihəyə 3 məktəb - Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksi, Bakı şəhər Nizami rayonu 328 saylı orta məktəb və Xocavənd rayon 2 saylı tam orta məktəb cəlb edilib.

Artıq layihə çərçivəsində şagirdlərin liderlik xüsusiyyətlərini aşkar edə biləcək test nümunələri, sorğular hazırlanıb və çoxaldılıb. Liderlik xüsusiyyətlərinə malik şagirdlərin seçimi məqsədi ilə layihədə iştirak edən məktəblərdə şagirdlər arasında sorğular və testlər aparılıb, şagirdlər seçilib.

Hər üç məktəbdə ayrı-ayrılıqda səsvermə nəticəsində şagirdlərin “Özünüidarə günü” hansı vəzifəni icra edəcəyi müəyyənləşdirilib. Əvəz olunan vəzifələrə məktəbin direktoru, direktor müavinləri (maddi məsul şəxs kimi təsərrüfat işləri üzrə direktor müavini istisna olmaqla), şagirdlərin istəyi ilə müəyyənləşdirilən fənlər üzrə müəllimlər aiddir. Müəllim vəzifəsini əvəz edən şagirdlərin həmin fənn üzrə əldə etdiyi nailiyyətləri seçim zamanı nəzərə alınıb.

Oktyabr ayı ərzində “Özünüidarə günü” hər hansı vəzifəni icra edəcək şagirdlər üçün idərəetmə, psixologiya, uşaq hüquqları, dərsin təşkili və planlaşdırılması mövzularında həftədə bir dəfə olmaqla seminarlar keçirilib. Seminarlarda hər məktəbdən 10 nəfər şagird olmaqla ümumilikdə 30 nəfər şagird iştirak edib.

Direktor və direktor müavinləri vəzifələrini icra edən şagirdlər aidiyyəti olan şəxslərə təhkim olunub, müşahidəçi formasında gündəlik vəzifə səlahiyyətləri ilə tanış olublar. Fənn müəllimi vəzifəsində çıxış edəcək şagirdlər həmin məktəbin müvafiq fənn müəlliminə təhkim ediliblər. Müəllim və şagird təqvim planına uyğun olaraq dərsin mövzusunu müəyyənləşdirib, şagirdin “Özünüidarə günündə” dediyi  dərsə hazırlaşıblar (dərsin planını yazıb, resurslar hazırlayıblar). Layihədə iştirak edən orta təhsil müəssisələrinin pedaqoji kollektivi və Valideyn komitələri ilə görüşlər keçirilib. Özünüidarə günü ilə bağlı, şagirdlərə tam sərbəstliyin verilməsi, şagirdlərə və qəbul edəcəkləri qərarlara hörmətlə yanaşmaları haqqında söhbətlər aparılıb. Hər məktəb üçün özünüidarə gününün proqram-ssenarisi işlənib hazırlanıb.

Layihə üzrə əvvəlcədən müəyyən edildiyi kimi noyabrın 8-i, 12-si və 13-də məktəblərdə “Özünüidarə günü” keçirilib. Həmin gün layihəyə cəlb olunmuş digər məktəblərin nümayəndələri məktəbə dəvət olunublar. Özünüidarə günü şagirdlər saat 8:00-dan başlayaraq iş gününün sonunadək seçildikləri vəzifələrini icra ediblər: məktəbdə keçirilən dərsləri dinləyib (o cümlədən, şagirdlərin keçdiyi dərsləri), nəzarət edib, növbətçiliyi həyata keçirib, Şagird parlamenti, Şagird Elmi cəmiyyəti, Valideynlər şurası xətti ilə tədbirlər təşkil edib, yaranan məsələlərlə bağlı tədbirlər görüblər. Günün axırında Gənc idarəçilərin müşavirəsi keçirilib, dinlənilən dərslər müzakirə edilib, müəyyən qərarlar və müraciətlər qəbul olunub.

Özünüidarə günləri hər üç məktəbdə keçirildikdən sonra ümumi müşavirə çağrılıb və hər bir məktəb hesabat təqdimatı ilə çıxış edib. Layihənin bağlanış mərqasimi keçirilib. Layihə iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edilib. Bağlanışda üç məktəbin Şagird Parlamentləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb ki, bu müqaviləyə əsasən gələcəkdə əməkdaşlıq həyata keçirilməsi nəzərdə tutulub.  

Layihə rəhbəri N.Kərimli qeyd edib ki, Şagird özünüidarə təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzində olmalıdır: “Şagird özünüidarə orqanlarının inkişafı aktual olan vətəndaş tərbiyəsi sisteminin bir hissəsi kimi qəbul olunur. Vətəndaş tərbiyəsinin vəzifəsi isə lider yetişdirməyə, demokratik ünsiyyətə alışdırmaya, kollektivdə işləmək bacarığının, yaradıcı istedadın inkişafına yönəlir. Baxmayaraq ki, məktəblərdə Şagird parlamenti, Şagird elmi cəmiyyəti kimi təşkilatlar mövcuddur, bir çox təhsil müəssisələrində bu təşkilatlar zəif fəaliyyət göstərir, hətta yox dərəcəsindədir. Şagirdlərin məktəb həyatında daha fəal iştirakına böyük ehtiyac duyulur. Təklif etdiyimiz layihə şagirdlərdə həm məktəbin idarəolunmasına, həm təhsil prosesinə, həm də məktəbin ictimaiyyət arasında nüfuzunun yüksəlməsinə xidmət edəcək”.

Layihənin icra müddəti 5 sentyabr – 5 dekabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.