Təhsil İnstitutunun əməkdaşları fəxri adla təltif olunublar
Noyabrın 28-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun iki əməkdaşı fəxri adla təltif olunub.
Bakı Konqres Mərkəzində baş tutmuş Azərbaycan müəllimlərinin XV qurultayı çərçivəsində ölkə Prezidentinin sərəncamlarına əsasən «Əməkdar müəllim» fəxri adı və «Tərəqqi» medalı ilə təltif olunmuş 127 təhsil işçisinə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.
Təqdimetmə mərasimində Təhsil İnstitutunun əməkdaşları Məktəbəqədər təhsilin kurikulum şöbəsinin müdiri Laləzar Cəfərova və Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulum şöbəsinin əməkdaşı Natiq Axundov “Əməkdar müəllim” fəxri adı ilə təltif olunublar.
Təhsil naziri Ceyhun Bayramov təltif edilən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son 5 ildə təhsil sahəsində ən mühüm nailiyyətin müəllim nüfuzunun artırılması olduğunu deyib. Nazir qeyd edib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi, yeni əməkhaqqı sisteminin tətbiqi, məktəblərin infrastrukturunun yenilənməsi müəllim peşəsinin nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bunun nəticəsində qəbul imtahanlarında yüksək bal toplayaraq müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə ötən illə müqayisədə 53,6 faiz, 2013-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir.
Ceyhun Bayramov onu da vurğulayıb ki, son 3 ildə müəllim olmaq istəyənlərin sayı 3 dəfə artıb. Son beş ildə 18136 müəllim işə qəbul olunub. Onlardan kənd məktəblərində fəaliyyətə başlamış 11600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib. Bütün bunlar müəllimlər arasında sağlam rəqabəti, motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin XV qurultayına ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb.
Xatırladaq ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayı olub.