02.12.2018

"Gənc olimpiadaçılar qrupunun yaradılması" layihəsi uğurla davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib olmuş İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru Nasim Abışovun “Gənc olimpiadaçılar qrupunun yaradılması” layihəsi uğurla davam etdirilir.

Layihənin əsas məqsədi Bakı şəhərində yerləşən məktəb, lisey və gimnaziyalarda oxuyan istedadlı şagirdlərin seçilməsi, onların bilik, bacarıq və vərdişlərinin daha da inkişaf etdirilməsidir. Layihənin seçim turunda Bakı şəhəri üzrə 50-yə yaxın ümumi təhsil müəssisəsindən 300 nəfərədək VII sinif şagirdi iştirak etmişdir.

Layihə çərçivəsində beynəlxalq fənn olimpiadaların qalibləri ilə layihədə iştirak edən şagirdlərin və onların riyaziyyat fənn müəllimlərinin görüşü keçirilib. Əvvəlcə Şaiq Həsənovun nümunəvi dərsi dinlənilib. Görüşdə iştirak edən Təhsil İnstitutun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, respublika və beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev son illərdə Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda və müxtəlif müsabiqələrdə uğurlu nəticələrindən danışıb, layihədə iştirak edən şagirdlərə və müəllimlərə öz tövsiyələrini verərək onlara uğurlar arzulayıb.

Layihənin rəhbəri İ.Hacıyev adına “Tərəqqi”texniki-humanitar liseyin direktoru, professor Nasim Abışov layihənin icra planından danışıb. O, bildirib ki, plana əsasən şagirdlərin onlayn qeydiyyatı üçün elektron proqram təminatı yaradılıb. Layihə rəhbəri seçim turunda iştirak edən şagirdlərdən 24 nəfər ən istedadlı şagird seçilərək onlara riyaziyyat fənni üzrə dərslərin keçirildiyini qeyd edib.

Görüşdə 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novruzova, beynəlxalq fənn olimpiadalarının qalibləri, Bakı Ali Neft Məktəbinın (BANM) tələbələri İsmət Ağayev və Murad Rəhimov layihənin əhəmiyyətini qeyd edərək, görülən işləri yüksək qiymətləndirdilər. İ.Ağayev və M.Rəhimov olimpiadalara hazırlıq təcrübələrini layihə iştirakçıları ilə bölüşdülər.

Layihənin yekununda iştirakçılara sertifikatlar, qaliblərə diplom və hədiyyələr təqdim olunması nəzərdə tutulub.

Layihənin icra müddəti: 20 iyul 2018-ci il – 20 fevral 2019-cu il tarixlərini əhatə edir.

Qeyd edirik ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.