"Rəsm çəkmənin sirlərini proqramlaşdıraraq öyrət" layihəsi üzrə işlər başa çatıb.
Noyabrın 30-da Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhər 163 nömrəli tam orta məktəbin müəllimi Rəsulova Zülfiyyənin “Rəsm çəkmənin sirlərini proqramlaşdıraraq öyrət” adlı layihəsinin bağlanış mərasimi olub.
Layihənin əsas məqsədi ibtidai sinif səviyyəsində “təsviri incəsənət” fənnini tədris edən müəllimlərdə sadə proqramlaşdırma qabiliyyəti formalaşdırmaqdan və oz dərslərində bundan istifadə etməkdən ibarət olub. Üç ay ərzində davam etməsi nəzərdə tutulan layihəyə Səbail rayon məktəblərində çalışan 28 nəfər müəllim cəlb edilib.
Tədbirdə çıxış edən layihə rəhbəri Zülfiyyə Rəsulova qeyd edib ki, şagirdlərdə erkən yaşda proqramlaşdırma qabiliyyətini inkişaf etdirmək müasir təhsil sisteminin vacib amillərindən biridir. Belə ki artıq dünya təcrübəsində sübut olunub ki, uşaqların erkən yaşda proqramlaşdırmaya öyrədilməsi gələcəkdə onlarda aşağıdakı keyfiyyətləri formalaşdırır:
- yaradıcılığın inkişafı;
- tədqiqat qabiliyyətinin inkişafı;
- beynin hər iki yarımkürəsinin proseslərə cəlb etmək bacarıqlarının inkişaf etdirilməsi;
- yeni bir şey yaradarkən özünə güvənmək.
Layihə rəhbəri əlavə edib ki, məhz bu səbəblərdən şagirlərin kiçik yaşlarda proqramlaşdırmaya öyrətmək aktual məsələlərdən biridir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Xatırladaq ki, layihə müddətində iştirakçılar 8 təlim müddətində seminarlarda iştirak ediblər. Təlimlərdə layihə rəhbərinin hazırladığı videoresurs və cod.org saytının təklif etdiyi proqram təminatı vasitəsilə müdavimlərdə sadə proqramlaşdırma qabiliyyəti formalaşdırmaq istiqamətində tətbiqi məsələlər yerinə yetirilib.
Layihənin icra müddəti 30 avqust 2018 – 30 noyabr 2018-ci il tarixlərini əhatə edib.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.