14.02.2019

Təhsil İnstitutunda ali təhsillə bağlı bir sıra layihələrin birgə görüşü keçirilib

Fevralın 13-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təhsil Nazirliyinin benefisiarı olduğu bir sıra layihələrin birgə görüşü keçirilib.

Görüşün məqsədi ali təhsillə bağlı layihələrin icrası prosesində konkret istiqamətlər üzrə fikir mübadiləsinin aparılması, o cümlədən icra olunmuş addımlar, əldə olunmuş nailiyyətlər və gələcək fəaliyyətin koordinasiyasından ibarət olub.

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda milli kvalifikasiya çərçivəsinin icrasına dəstək”, “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” və “Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin beynəlxalq ekspertlərlərinin və yerli əməkdaşlarının iştirakı ilə keçirilən növbəti görüşdə bakalavr pilləsi üzrə (MKÇ-nin 6-cı səviyyəsi) mövcud təhsil proqramlarının və standartlarının, eləcə də nəticə yönümlü və səriştə əsaslı təlim materiallarının inkişaf etdirilməsi istiqamətində qeyd olunan layihələr çərçivəsində görülən işlər və planlaşdırılmış fəaliyyətlər haqqında fikir mübadiləsi aparılıb, bu istiqamətdə layihələrin məram və məqsədlərinin qorunması şərti ilə uyğun metodologiyaların tətbiqinin vacibliyi qeyd olunub.

Sonda cari ilin aprel ayında növbəti koordinasiya görüşü təyin edilib.