27.03.2019

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat başladı

Aprelin 21-də məktəblilər üçün Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək.

Ölkəmizdə ikinci dəfə keçiriləcək olan KBRM Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçiriləcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir.

“Öyrənək-əylənək və həll edək” şüarı ilə keçirilən bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 2-10-cu sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır.

Müsabiqə Azərbaycan, rus və ingilis dillərində olmaqla üç fərqli dildə keçiriləcək.

Xatırladaq ki, 2018-ci ildə ölkə üzrə 17 000-dən çox şagird müsabiqədə iştirak etmişdir.

İldə bir dəfə olmaqla 1994-cü ildən keçirilən KBRM-də sonuncu dəfə 2018-ci ildə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak edib. Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının (IMO) təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar.

Müsabiqənin idarə heyətinin müxtəlif ölkələrdən olan üzvləri ildə bir dəfə bir araya gələrək növbəti il üçün fərqli ölkələrdən təqdim edilən suallar arasından seçim edir və yekun sualları müəyyənləşdirirlər. Qaydalara əsasən tapşırıqlar 2, 3-4, 5-6, 7-8, 9-10-cu sinif şagirdləri üçün 5 fərqli kateqoriya üzrə qapalı test formatında və 3 səviyyədə - asan, orta, çətin olmaqla tərtib edilir. 

Sonda qeyd edək ki, artıq Təhsil Texnologiyaları Mərkəzinin internet səhifəsində (www.ttm.edu.az) pilot müsabiqəyə elektron sənəd qəbulu başlayıb və son qeydiyyat tarixi 9 aprel 2019-cu ildir.