Məktəblilərin zərərli vərdişlərdən qorunmasına dair seminar keçirilib
Aprelin 24-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda məktəblilərin zərərli vərdişlərdən qorunmasına dair seminar keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı 24 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda “Məktəblilərin zərərli vərdişlərdən qorunmasına dair profilaktik fəaliyyətin nəzəriyyə və metodikası” mövzusunda seminar keçirilib.
Seminarda narkomanlığın zərəri barədə metodik-tədris vəsaitlərinin hazırlanması və elmi tədqiqat işlərinin genişləndirilməsi mövzusu müzakirələr edilib.
Təhsil İnstitutun şöbə müdiri, pedaqoji elmlər doktoru, professor Piralı Behbudalı oğlu Əliyev çıxış edərək “Məktəblilərin narkotik vasitələrdən qorunması məqsədilə profilaktik fəaliyyətin nəzəriyyə və metodikası” adlı metodik tövsiyə vəsaitini məruzə edib.
O, çıxışında narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə proqramın təsdiq edildiyini xatırladıb. Təhsilin məzmununda Həyat bilgisi fənni üzrə zərərli vərdişlərin insan həyatı üçün təhlükəli olduğunu və ağır nəticələr verdiyini konkret nümunələr əsasında şərh edib.
P.B.Əliyev Seminarda dünyanın qlobal problemlərindən biri olan narkotik vasitələrdən, psixotrop maddələrdən Azərbaycan məktəblərində təhsil alan şagirdlərin qorunması üçün mühüm işlərin görülməsini diqqətə çatdırıb. Xatırladıb ki, təhsildə keyfiyyət, təlim proqramları, müəllimlərə dəstək, sistem və idarəetmə siyasətinin düzgün qurulması hesabına şagirdlər zərərli vərdişlərdən, narkotik maddələrdən asılılıq kimi xarakterlərdən uzaqlaşdıra bilər.
P.B.Əliyev qeyd edib ki, şagirdlərin valideynlər tərəfindən ciddi nəzarətdə saxlanılması onların sağlam həyatına müsbət təsir edən amillərdəndir. Narkotik vasitələrin istifadəsində mövcud vəziyyətə gəldikdə bu vəziyyət ümumtəhsil məktəblərində azlıq təşkil edir. Lakin, şagirdlərin qorunması məqsədilə müəllimlər və məktəb rəhbərliyi diqqətli olmalıdır.
Seminarda institutun direktor müavinləri Rəfiq Qəndilov və Anar Nağıyev, əməkdaşlarından prof. Akif Abbasov, Kənan Kərimli, İlham Cavadov, Valeh Mirzəliyev, İntiqam Cəbrayılov, Tural Hətəmxanov və Könül Mahmudova çıxış edərək mövzunun aktuallığından, müasir təhsilimizə göstərilən qayğıdan, şagirdlərimizin narkotik vasitələrdən, psixotrop maddələrdən qorunması məsələlərindən danışıblar.