28.04.2019

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində valideynlər üçün təlim keçirilib

27-28 aprel 2019-cu il tarixlərində Salyan və Sabirabad rayonlarında valideynlər üçün təlimlər keçirilib.

Təlimdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) həyata keçirdiyi “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinə cəlb edilmiş uşaqların valideynləri iştirak ediblər.

Təlimin əsas məqsədi yaş xüsusiyyətləri ilə bağlı uşaqların inkişaf dövrü, məktəbəqədər təhsilin əhəmiyyəti, burada valideynin rolu və İcma əsaslı Valideyn Assosasiyası haqqında iştirakçıları məlumatlandırmaq olub. Təlim zamanı valideyn fəaliyyətləri ilə bağlı video dəsrlər nümayiş etdirilib.

Təlimi ARTİ-nin  şöbə müdiri Könül Pirverdiyeva, ekspertlər Sovqat Əzimova və Sevinc Məmmədova keçib.

Qeyd edək ki, “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzləri Respublikamızın 10 bölgəsini: Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmaz rayonlarını əhatə edir.

Layihənin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.