Təhsil İnstitutunda "Hamımız inklüzivlik üçün" layihəsi çərçivəsində təlim keçirilib
6-8 may 2019-cu il tarixlərində Təhsil İnstitutunda “Hamımız inklüzivlik üçün” layihəsinin üç günlük təlim mərhələsi baş tutub.
“Hamımız inklüzivlik üçün” layihəsi Təhsil İnstitutunun təşkilatçılığı və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının maliyyə dəstəyi ilə Peşəkar İxtisasartırma Proqramı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi inklüziv təhsil sahəsində Amerika təcrübəsinin öyrənilməsi və yerli təhsil işçilərinin peşəkar inkişafına nail olmaqdır.
Təhsil İnstitutunda baş tutan təlimlərə ekspert qismində ABŞ-ın İlinois ştatında fəaliyyət göstərən, autizm sindromlu uşaqlar üçün bir neçə xüsusi təhsil mərkəzləri olan və ştat məktəblərində xüsusi ehtiyacları olan uşaqlarla bağlı pedaqoji heyətə konsultasiya verən “Easterseals” təşkilatının iki nümayəndəsi – Cassie Wells və Mary Elizabeth dəvət ediliblər.
“Təhsildə inklüzivlik: qanunvericilik və onun icrası (Amerika təcrübəsi)” mövzusundakı təlimdə Təhsil Nazirliyinin, De-İnstitutlaşdırma və Uşaqların Müdafiəsi İdarəsinin, Təhsil İnstitutunun əməkdaşları və inklüziv və inteqrasiya təlimli internat məktəblərinin direktorları, “İnklüziv müəllimlərin yetişdirilməsi”, “İnklüziv təhsildə kurikulum və qiymətləndirmə” təlimlərində isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Təhsil İnstitutunun əməkdaşları olmaqla ümumilikdə 60 nəfər iştirak edib.