10.05.2019

"Zəngi" liseyində "Mütaliə birinciləri" adlı tədbir keçirilib

Mayın 10-da “Zəngi” liseyinin ibtidai sinif müəllimi İlahə Rüstəmova IV sinif şagirdləri ilə birlikdə “Mütaliə birinciləri” adlı tədbir keçirib. Tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 tarixli F-18 nömrəli əmri ilə təsdiq edilmiş “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planınıda nəzərdə tutulan “2.4.5. “Mütaliəni həyat tərzinə çevirək” devizi ilə şagirdlərin bədii, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinin mütaliəsinə həvəsləndirilməsi, kitabxana xətti ilə bədii əsərlərin oxusu və müzakirəsinin təşkili” ilə bağlı hazırlanıb.

İ.Rüstəmovanın “Mütaliə birinciləri” layihəsinin mahiyyəti hər bir şagirdin ayda bir kitab oxumasından ibarətdir. Layihə tədris ili ərzində aparılır. “Oxu yarışı” adlı cədvəl tərtib edilərək sinifdəki şagirdlərin sayı qədər dairələr çəkilir. Dairəyə şagirdin şəkli vurulur və onun kənarına 9 ləçək çəkilir. Tədris ilinin sonunadək kitablar oxunduqca ləçəklər rənglənir. Dərs ilinin sonunda bütün ləçəkləri rənglənmiş şagird qalib seçilir.

Tədbirdə şagirdlər oxuduğu kitabların qəhrəmanlarını (S.S.Axundovun “Qaraca qız”, C.Məmmədquluzadənin “Poçt qutusu”, L.Kerrolun “Alisa möcüzələr ölkəsində” və s.) səhnələdirilmiş şəkildə təqdim ediblər. “Mütaliə birincisi” adını qazanmış şagirdlər medallar və hədiyyələrlə təltif olunublar.

Təhsil İnstitutunun baş mütəxəssisi Humay Kərimova tədbirdə çıxış edərək bu səpkili layihələrin keçirilməsinin gənc nəslin şəxsiyyət kimi formalaşmasına, onların dünyagörüşlərinin inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.