11.06.2019

"Ali təhsil müəssisələrində sahibkarlıq mərkəzlərinin yaradılması" mövzusunda TAİEX seminarı keçirilib

İyun ayının 10-11-i Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı və Avropa Kommissiyasının dəstəyi ilə TAİEX layihəsi çərçivəsində “Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq mərkəzlərinin yaradılması” mövzusunda seminar keçirilib.

Seminarın əsas məqsədi ali təhsil müəssisələrində sahibkarlıq mərkəzlərinin yaradılması, onların fəaliyyətinin planlaşdırılması və təşkili, universitet-sənaye münasibətlərinin qurulması, ali təhsil müəssisələrinin innovativ fəaliyyətinin ölçülməsinə dair fikir mübadiləsi aparmaqdan ibarət olub.

Müxtəlif maraqlı tərəflərin, xüsusi ilə ali təhsil müəssisələrinin nümayəndərlərinin dəvət olunduğu seminarda Polşa Akkreditasiya Komitəsinin beynəlxalq siyasət üzrə müşaviri Maciej Markovski, Niderlandın Utrext Universitetinin İqtisadiyyat İnstitutunun proqram direktoru, dosent Hein Roelfsema və Sloveniyanın Lyublyana Universitetinin Biznes İnqubatorunun idarəetmə şurasının müşaviri Domen Bole Avropa Kommissiyasının müəyyən etdiyi beynəlxalq ekspertlər qismində iştirak ediblər.

Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev çıxış edərək müasir bilik cəmiyyəti şəraitində ali təhsil müəssisələrinin qarşısında duran çağırışların əhəmiyyəti, müasir model təhsil sistemlərinin iqtisadiyyat və sənaye ilə təşkil etdiyi mütənasiblik, 3-cü sənaye inqilabı dövründə ali təhsilin qarşısına qoyulan yeni tələblər, növbəti, 4-cü sənaye inqilabının formalaşdıracağı yeni şəraitdə ali təhsil modelinin tamamilə fərqli şəkil alacağı kimi məsələlərə toxunub. Müasir ali təhsil müəssisələrində sahibkarlıq mərkəzlərinin ali təhsil müəssisələrinin rəqabətədavamlılığını müəyyən edəcək amillərdən birinə çevriləcəyini vurğulayıb.

İki gün davam edən seminarda təqdimatlar və fikir mübadilələri əsasən aşağıdakı istiqamətlərdə aparılıb:

- ali təhsil müəssisələrində sahibkarlıq mərkəzlərinin yaradılması, tələb olunan əsas infrastruktur və maddi-texniki baza, tələbələrdə sahibkarlıq ruhunun inkişaf etdirilməsi, məzunlarla birgə işlərin təşkili, bu işdə tədqiqatçı və müəllim heyətinin rolu;

- sahibkarlıq mərkəzlərinin fəaliyyətində universitetlərin rolu və mərkəzlərin maliyyələşdirilməsində tələbələrin formalaşdırdıqları təşəbbüslərin dəstəklənməsi mexanizmləri, maliyyələşdirmə imkanlarının müəyyən olunması, müxtəlif yerli və beynəlxalq ideya yarışlarının təşkili, inqubasiya proqramlarının tətbiqi;

- Hollandiya, Sloveniya və digər Avropa universitetlərinin timsalında təşkil olunan müxtəlif inqubasiya və startap təşəbbüsləri, maliyyələşdirmə imkanları, illik qlobal və regional yarışlar, eləcə də sahibkarlıq mərkəzlərinin maliyyələşdirilməsi, universitetlərin özünü maliyyələşdirmə mexanizmləri haqqında fikir mübadiləsi;

- sahibkarlıq bacarıqlarının təhsil proqramlarında əks olunması, qeyri-biznes ixtisaslarında sahibkarlıq fənlərinin (seçmə) tədrisi məsələləri barədə təqdimat və çıxışlar;

- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) formalaşdırdığı HEİnnovate saytının üstünlüklərinin, bu saytdan istifadəsinin əhəmiyyəti, eləcə də təhsil müəssisələrinin sənaye ilə əlaqələri barədə disskusiyalar həyata keçirilib.

Seminarın yekununda ARTİ-nin direktor müavini Anar Nağıyev Azərbaycanın ali təhsil sistemində aparılan islahatlar və təşkil olunan müvafiq müzakirə platformalarının əhəmiyyətini qeyd edərək beynəlxalq ekspertlərə və seminarın iştirakçılarına öz təşəkkürünü bildirib.