"Təhsil menecerlərinin peşəkar inkişafı" layihəsi çərçivəsində namizədlərin qiymətləndirməsi təşkil edilib
16-17 iyun tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə icra etdiyi “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində ikinci mərhələyə keçmiş namizədlərin qiymətləndirməsi təşkil edilib.
Kompüter əsaslı keçirilən qiymətləndirmədə 325 nəfər iştirak edib. Namizədlərdən bir saat ərzində 30 sualdan ibarət məntiq tapşırıqlarını həll etmək tələb olunub. 2016-cı ildən başlayaraq həyata keçirilən bu layihədə ilk dəfə olaraq namizədlər psixoloji testə cəlb olunublar.
Qeyd edək ki, layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verən təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.
İkinci turdan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaq. Namizədlərin nəticələri ilə bağlı məlumatlar onların müraciət formasında qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək.