22.06.2019

ARTİ-nin direktor müavini Latviyada təlim səfərində olub

17-21 iyun tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev Latviyanın Riqa şəhərində təlim səfərində olub.

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində “Latviyada ömürboyu təhsil, karyera məsləhəti və yaşlılar üçün təhsil”ə dair təlim səfərində Təhsil İnstitutunun əməkdaşı ilə yanaşı Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Peşə standartları sektorunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidmətinin və Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşları, eləcə də MKÇ layihəsinin ekspertləri də iştirak ediblər.

Təlim səfərinin əsas məqsədi maraqlı tərəflərin ömürboyu təhsil, karyera məsləhəti və yaşlılar üçün təhsil sahəsində Latviyanın təcrübəsini öyrənmək olub.

Latviyada ömürboyu təhsil, karyera məsləhəti və yaşlılar üçün təhsilə dair qanunvericiliyi haqqında məlumat əldə etmək, Latviyanın ömürboyu təhsilə dair Milli Strategiyası ilə tanış olmaq, MKÇ-nin ömürboyu təhsildə rolu və kvalifikasiyaların milli kataloqa daxil edilməsi dair məlumatların əldə edilməsi, ictimai agentliklər və sənaye təşkilatlarının ömürboyu təhsilin həyata keçirilməsinə dair birgə fəaliyyəti ilə tanış olmaq, Latviyadakı mövcud nümunələr və vətəndaşların ömürboyu təhsilə dair təminatları haqqında məlumat əldə etmək, Latviyadakı ömürboyu karyera məsləhəti sisteminə dair və yaşlılar üçün təhsilin keyfiyyət təminatına dair məlumat əldə etmək səfərdən gözlənilən nəticələr idi.

Səfər çərçivəsində Azərbaycan Nümayəndə heyəti Latviyanın Təhsil və Elm Nazirliyi, Milli Təhsil Mərkəzi, Akademik Məlumat Mərkəzi, Təhsilin İnkişafına dair Dövlət Agentliyi, Rifah Nazirliyi, Latviya İşəgötürənlər Konfederasiyası (LDDK), Latviya Təbiət Elmləri və Texnologiyaları Universiteti, PIKC Riqa Dövlət Texniki məktəbi, Jelgava orta peşə məktəbi, AS “Rigas Siltums” təlim mərkəzi ilə görüşlər keçirib.

“Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi Azərbaycanda iqtisadiyyatın diversifikasiyanı dəstəkləmək, ömürboyu təhsil üçün imkanlar yaratmaq, qabaqcıl Avropa və beynəlxalq təcrübəyə uyğun Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrasını təmin etmək məqsədilə təhsil və təlim sisteminin keyfiyyətini artırmaqdır.

30 ay davam edəcək Layihə “GOPA Worldwide Consultants” şirkətinin rəhbərlik etdiyi British Council (BC), European Project Management Ltd (EPM) və “SEFT Consulting”in təşkil etdiyi konsorsium tərəfindən həyata keçirilir.