"Təhsildə dəyişikliklər labüddür"
İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkil etdiyi "Saf düşüncə möcüzə yaradır" mövzusunda Humanist pedaqogika üzrə III Respublika oxuları baş tutub.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev çıxışında təhsil sistemində tətbiq olunan yeniliklərdən bəhs edib. Tədbirə dəvət olunduğuna görə təşəkkürünu bildirən E. Əmrullayev çıxışında təhsilə dair müzakirələrin hər zaman maraqlı olduğunu deyib. Onun sözlərinə görə, son 20-30 il ərzində texnologiyaların həyatımıza sürətli müdaxiləsi baş verib. Texnologiyalar həyatımızda sürətli dəyişikliklər yaradıb. Buna baxmayaraq, "2019-cu ilin sinif otaqları ilə ötən əsrin 70-90-cı illərinin sinif otaqları arasında böyük fərqi görməyəcəksiniz. Bunlar o deməkdir ki, təhsildə baş verən dəyişikliklər, təəssüflər ki, texnologiyalar sahəsində baş verən dəyişikliklərdən əsaslı şəkildə geridə qalır. Sual belədir: hər şey belə sürətlə dəyişirsə, təhsil niyə belə sürətlə dəyişməməlidir və dəyişikliyə qarşı niyə müqavimət göstərməliyik?. Burada müqavimət sözü əsaslı sözlərdən biridir". E.Əmrullayev bildirib ki, təhsildə dəyişikliklər labüddür, hansı ölkələr, sistemlər bu dəyişikliyə daha açıq olacaqsa məhz onların iqtisadiyyatları daha davamlı olacaq. "Deməyim odur ki, təhsildə baş verənləri müzakirə etmək və onlara qarşı açıq olmaq hər bir təhsil işçisinə həmin sürəti tutmaq baxımından çox vacibdir. İkinci məsələ odur ki, Azərbaycan PISA qiymətləndirməsində iştirak edir. Tədqiqatda dünyanın əsasən iqtisadiyyatları inkişaf edən ölkələrinin iştirakı məcburidir. Digər tərəfdaş ölkələr isə bu tədqiqatda könüllülük əsasında iştirak edə bilir. Tədqiqatda cəmi 80-ə yaxın ölkə iştirak edir, Azərbaycan da o ölkələrin arasındadır. Bizim nəticələr o siyahının yuxarısında deyil, biz bunu bilirik. Amma tədqiqatda niyə iştirak edirik? Çünki dünya təhsilinin bir hissəsi olmaq istəyirik, harada olmasından asılı olmayaraq". Şöbə müdiri qeyd edib ki, tədqiqata cəlb olunan ölkələr üçün mühüm sual "Nəyi ölçürük" məsələsidir. "Bir sıra ölkələri maraqlandıran əsas məqam hansı məktəbin şagirdinin riyaziyyatı daha yaxşı bilir deyil, hansı şagird özünü məktəbdə xoşbəxt hiss edir sualının cavabını axtarmaqdır. Yəni, öyrədənin yox, öyrənənin xoşbəxtliyi daha vacibdir. Öyrədən nə qədər çalışsa da, əgər öyrənən bunu istəmirsə, onda öyrənmə baş vermir. Təhsilin əsas mahiyyəti öyrənmənin baş verməsidir. Əgər bu baş verirsə, deməli, təhsil var, baş vermirsə, demək təhsil də yoxdur. Ona görə də məktəb mühiti və məktəbdə şagirdlərin özünü necə hiss etməsi təlimin qarşısında duran əsas vəzifələrdəndir. Biz başa düşməliyik ki, çox şeylər, xüsusilə də müəllimlərlə bağlı məsələlər əsaslı şəkildə dəyişir".
E.Əmrullayev qeyd edib ki, müəllimin müqəddəsliyi qalır, çünki bu dəyər məsələsidir. O, Sinqapur təhsil sistemini örnək kimi göstərib. Sinqapurun təhsil standartları, kurikulumlarının əsasında dəyərlər durur, bu dəyərlər aşağı siniflərdən formalaşdırılır. Bu ölkə məhz humanist dəyərlərdən irəli gələrək təhsilini qurmaqdadır. Buna görə də dəyərlər ətrafında müzakirələr aparılmalıdır.