13.09.2019

Təhsil proqramlarının (kurikulumların) təkmilləşdirilməsinə dair dəyirmi masa keçirilib

Sentyabrın 13-də Təhsil İnstitutunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 3.1.2.(2) “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi və təmayülləşmənin inkişaf etdirilməsi” yarımbəndinin icrası ilə əlaqədar olaraq dəyirmi masa keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, institutun direktor müavini Ənvər Abbasov, institutun əməkdaşları, fənn kurikulumlarının təkmilləşdirilməsi üzrə Təhsil nazirinin 2016-cı il 26 dekabr tarixli əmri ilə təsdiq olunmuş işçi qrupunun rəhbərləri və bəzi üzvləri iştirak ediblər.

Tədbirdə şöbə müdiri Bibixanım İbadova işçi qrupları tərəfindən təkmilləşdirilmiş fənn kurikulumları barədə təqdimat etdi.

Aydın Əhmədov işçi qruplarının rəhbərlərinə tövsiyə etdi ki, fənn kurikulumları təkmilləşdirilərkən məzmun standartlarının şərhinin, standartların mahiyyətinin açıqlanmasında, müəllim, valideyn, dərslik müəllifləri üçün tövsiyələrdə fikrin konkret, sadə və aydın şəkildə verilməsinə xüsusi diqqət yetirsinlər. Həmçinin qeyd etdi ki, gələcəkdə dərslik müəllifləri öz işlərini şərhlər hissəsində verilmiş tövsiyələr əsasında qurmalıdırlar.

Ənvər Abbasov tədbirlər planına uyğun olaraq cari ilin noyabr ayınadək təkmilləşdirilmiş kurikulumların instituta təqdim olunmasını və dekabr ayında redaktə olunaraq Təhsil Nazirliyinə veriləcəyini qrup rəhbərlərinin nəzərinə çatdırdı.

Riyaziyyat fənni üzrə işçi qrupunun rəhbəri Elxan Bəylərov, coğrafiya fənni üzrə işçi qrupunun rəhbəri Nərminə Seyfullayeva fənn kurikulumlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərlə çıxış etdilər.