Təlim prosesində İKT-dən istifadəyə dair dəyirmi masa keçirilib.
Noyabrın 13-də Təhsil İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının “5.4.3.2. İKT-nin cəmiyyətdə kütləviləşdirilməsi üçün müxtəlif konfransların, forumların, seminarların, dəyirmi masaların, sərgilərin keçirilməsi, KİV vasitəsilə təbliğat-təşviqat işlərinin aparılması” yarımbəndinin icrası ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbirdə institutun direktor müavinləri Ənvər Abbasov və Rəfiq Qəndilov, elmi pedaqoji mərkəzin direktor vəzifəsini icra edən İlham Cavadov, şöbə müdiri Bibixanım İbadova, institutun əməkdaşları, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.
Ənvər Abbasov təlim prosesində İKT-dən istifadənin əhəmiyyəti, təlimin keyfiyyətinə təsiri barədə tədbir iştirakçılarını məlumatlandırdı.
Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsinin əməkdaşları: aparıcı mütəxəssis Humay Alıkişiyeva “V-IX siniflərdə Azərbaycan dili fənninin tədrisində İKT-dən istifadənin imkanları”, baş mütəxəssis Humay Kərimova “İbtidai siniflərdə həyat bilgisi fənninin tədrisində İKT-dən istifadənin imkanları”, aparıcı mütəxəssis Sevda Alxasova “İbtidai siniflərdə musiqi fənninin tədrisində İKT-dən istifadənin imkanları” mövzularında təqdimat etdilər.
Tədbir iştirakşıları təqdimatlarda qoyulan məsələlərə münasibət bildirdilər. Müəllimlər öz iş təcrübələrini həmkarları ilə bölüşdülər.