29.11.2019

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində müəllimlər üçün təlimlər keçirilib

19-29 noyabr tarixlərində yeddi şəhərdə müəllimlər üçün təlimlər keçirilmişdir.

“Fasilitasiya bacarıqları” adlı təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF və Təhsil İnstitutunun birgə həyata keçirdiyi “İnklüziv təhsilin genişləndirilməsi: Müəllim İnkişaf Mərkəzlərinə texniki dəstək” layihəsi çərçivəsində Bakı, Sumqayıt, Quba, Şəki, Ağcabədi, Gəncə və Qazax şəhərlərində Müəllim İnkişaf Mərkəzlərinin yerləşdiyi 9 məktəbdə təşkil edilmişdir.

Təlimlərin keçirilməsində əsas məqsəd təhsilalanların nəticələrinin yüksəldilməsi məqsədilə müəllimlərə peşəkar qabiliyyətlərinin artırılması və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dəstək göstərməkdir. Təlimlərdə ümumilikdə 118 müəllim iştirak etmişdir.

“İnklüziv təhsilin genişləndirilməsi: Müəllim İnkişaf Mərkəzlərinə texniki dəstək” layihəsinin əsas məqsədi əlilliyi olan uşaqların ölkəmizin ümumi təhsil müəssisələrində keyfiyyətli təhsil almaq imkanlarını dəstəkləmək üçün milli imkanların inkişaf etdirilməsidir.

Qeyd edək ki, dekabr ayı ərzində layihə çərçivəsində MİM-lərdə növbəti təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.