03.12.2019

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində icma müəllimləri üçün növbəti təlimlər keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutunun icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində məktəbəqədər təhsil mərkəzlərində çalışacan tərbiyəçi-müəllimlər üçün növbəti təlimlər keçirilib.

Təlimlərə Azərbaycanın 33 bölgəsindən 260 tərbiyəçi-müəllim cəlb edilib.

Noyabrın 16-dan dekabrın 1-nə qədər 10 qrupda paralel olaraq keçirilən təlimlərə hazırda “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışan bütün tərbiyəçi-müəllimlər cəlb edilib. Hər biri 2 gün davam edən təlim müddətində tərbiyəçi-müəllimlər sinfin idarə olunması, sinfin tərtibatı, inklüziv təhsillə bağlı ilkin məlumatlar, incəsənət terapiyası, ilkin İT bacarıqları, ilk tibbi yardım mövzlarında təlimlərdə iştirak ediblər. Təlimlər interaktiv təlim metodlarına uyğun olaraq qruplarla iş, müxtəlif simulyasiyalar, rol oyunları, müzakirələr və s. formatında həyata keçirilib.

Məktəbəqədər təhsil mərkəzlərində çalışan tərbiyəçi-müəllimlərin erkən yaşlı uşaqlarla iş sahəsində bilik və bacarıqlarının davamlı olaraq artırılması məqsədi ilə təlimlərin 2 ayda bir dəfə olmaqla tədris ilinin sonunadək davam etdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, layihə yeni tədris ilindən icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılmasına xidmət edir. Belə ki, Azərbaycanın 33 bölgəsində icma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədi ilə cari tədris ilindən başlayaraq daha 250 icmada məktəbəqədər təhsil mərkəzi fəaliyyətə başlayıb. Bununla da bölgələrdə yaşayan 3 və 4 yaşlarında 6 minə yaxın uşaq bu tədris ilindən məktəbəqədər təhsil imkanı əldə edib.

Layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.