Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dekabrın 28-də Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 2019-un (KBRM) qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Təhsil İnstitutunun İsedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev açaraq müsabiqə barədə ümumi məlumat verib. İstedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması haqqında çıxış edib.
Ölkəmizdə ikinci ildir ki, keçirilən KBRM Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirilir.
Xatırladaq ki, bu il KBRM-in ilk turunda 2-10-cu siniflər üzrə ümumilikdə 25 568 şagird müsabiqədə iştirak edib, onlardan 1148 nəfəri final turuna vəsiqə qazanıb. Final turunda iştirak edən şagirdlərdən 11-i birinci, 12-si ikinci və 21-i üçüncü yerə layiq olmaqla ümumilikdə 44 qalib müəyyən edilib. Qaliblər diplom və medallarla təltif edilib, onlara hədiyyələr təqdim edilib.
Qeyd edək ki, 1994-cü ildən bəri ildə bir dəfə olmaqla təşkil edilən KBRM-də sonuncu dəfə 2019-cu ildə dünyanın 80-dən çox ölkəsində 6 milyondan çox şagird iştirak etmişdir.