30.12.2019

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində müəllimlər üçün təlim

13-28 dekabr tarixlərində yeddi şəhərdə müəllimlər üçün təlimlər keçirilmişdir.

“Uşaqyönümlü pedaqogika və universal dizayn” adlı təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF və Təhsil İnstitutunun birgə həyata keçirdiyi “İnklüziv təhsilin genişləndirilməsi: Müəllim İnkişafı Mərkəzlərinə texniki dəstək” layihəsi çərçivəsində Bakı, Sumqayıt, Quba, Şəki, Ağcabədi, Gəncə və Qazax şəhərlərində Müəllim İnkişafı Mərkəzlərinin (MİM) yerləşdiyi 9 məktəbdə təşkil edilmişdir.

Təlimlərin keçirilməsində əsas məqsəd təhsilalanların nəticələrinin yüksəldilməsi məqsədilə müəllimlərə peşəkar qabiliyyətlərinin artırılması və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dəstək olmaqdır. Təlimlərdə ümumilikdə 109 müəllim iştirak etmişdir.

“İnklüziv təhsilin genişləndirilməsi: Müəllim İnkişafı Mərkəzlərinə texniki dəstək” layihəsinin əsas məqsədi əlilliyi olan uşaqların ölkəmizin ümumi təhsil müəssisələrində keyfiyyətli təhsil almaq imkanlarını dəstəkləmək üçün milli imkanların inkişaf etdirilməsidir.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayı ərzində layihə çərçivəsində MİM-lərdə növbəti təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.