15.01.2020

"Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində seminar keçirilib

Yanvarın 15-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda ali təhsil müəssisələrinin elm şöbəsi, kitabxana, elmi nəşrlər və digər sahələrinin əməkdaşları üçün “Open Access” mövzusunda seminar keçirilmişdir.

Beynəlxalq ekspert Daniel Spichtinger tərəfindən aparılan seminarda “Open Access”-in mahiyyəti və istifadə metodları, “Open Access” sisteminin qurulması və Azərbaycanda bu sahədə görülən tədbirlər barədə ətraflı məlumat verilmiş və müzakirələr aparılmışdır.

Tədbir Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində keçirilmişdir. Layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.