19.10.2017

"Məktəblərarası əlaqə" adlı layihənin təqdimatı olub

Oktyabrın 18-da Saatlı rayon Təhsil şöbəsinin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində Saatlı rayonu üzrə qalib olmuş "Məktəblərarası əlaqə" adlı layihənin təqdimatı olub.

Tədbirə açılış edən Saatlı rayon Təhsil şöbəsinin müdiri Seyidağa Kazımov əvvəlcə Azərbaycan Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, sonra Azərbaycan təhsilinin inkişafından, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin özəlliklərindən geniş söz açıb. O, qrant müsabiqəsində royon üzrə qalib olmuş "Məktəblərarası əlaqə" adlı layihənin əhəmiyyətini xüsusi vurğulayaraq, Təhsil şöbəsi olaraq layihəyə hərtərəfli dəstək olacaqlarını bildirib.

Sonra layihə rəhbəri, Dədə Qorqurd kənd orta məktəbinin tarix müəllimi, təhsil üzrə menecer Kamran Nəsirov layihənin əhatə dairəsi, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan planlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, ilk növbədə göstərdikləri dəstəyə görə Saatlı rayon İcra hakimiyyətinə və royonun Təhsil şöbəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Axıska türklərinin "Vətən" cəmiyyətinin üzvü, Ələddin Şüküroğlu adına Varxankənd tam orta məktəbinin direktoru, əməkdar müəllim Lətif Şimşəkov layihənin təhsil adına dəyərindən, məktəblərarası bilik üzrə rəqabətin yaranmasından və ümumilikdə Azərbaycan təhsilinin inkişafına təkan verəcəyini qeyd edib.

Layihə rəhbəri Kamran Nəsirov BDU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, AzTV-də yayımlanan "Mən azərbaycanlıyam" milli intellektual oyununun 5-ci mövsümünün qalibi olub.

8 ildir müəllim işləyən Kamran Nəsirov Təhsil Nazirliyinin "Məktəblinin dostu" və "Təhsil menecerlərinin peşəkarlıq inkişafı" layihələrinin iştirakçısı olaraq fəal müəllim kimi təhsil meneceri seçilib. 

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.

 

Mənbə: Metbuat.az