16.10.2020

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsində çalışacaq mentorların seçimi başa çatıb.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun həyata keçirdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində mentor seçiminin müsahibə mərhələsi başa çatıb.

Yekun müsahibə mərhələsində 16-19 sentyabr tarixlərində təşkil edilən müsabiqədə iştirak etmiş, ölkənin 14 şəhər və rayonundan olan 83 namizəd arasından seçilmiş 53 namizəd iştirak edib.

Layihə əməkdaşları tərəfindən onlayn qaydada təşkil edilən müsahibəni uğurla keçən 21 namizəd mentor kimi fəaliyyətə başlamaq hüququ qazanıb.

Xatırladaq ki, ilkin seçim üçün təşkil edilən müsabiqə mərhələsi 90 dəqiqəlik imtahan formatında olmuşdur. Namizədlər üçün təşkil edilən imtahan 3 əsas mövzunu əhatə etmişdir: məntiq və riyazi biliklər, psixoloji qiymətləndirmə və situativ qərarvericilik qabiliyyəti.

Qeyd edək ki, İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərində çalışan tərbiyəçi-müəllimlərin iş keyfiyyətinin və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqi mentorların başlıca vəzifəsidir. Əlavə olaraq, mentorlar mərkəzlərdə gedən tədris prosesi ilə yaxından tanış olur və tərbiyəçi-müəllimlərə lazımı köməkliyi göstərirlər. Seçilmiş mentorların yuxarıda qeyd olunmuş işlərin görülməsində tələb olunan lazımı bilik və bacarıqlara yiyələnməsi üçün tədris ili ərzində layihə tərəfindən təşkil olunan təlimlərdə iştirak edəcəklər.