11.12.2020

V sinif "Təbiət" fənni üzrə məzmun standartlarının yazılması istiqamətində ilk təlim keçirildi

Azərbaycan Respublikasının Təhsil İnstitutu təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirmək üçün Sinqapurun Alston Nəşriyyat Evi ilə birgə icra etdiyi layihənin onlayn təlimlərinə başlayıb. Layihənin ilkin mərhələsində yerli mütəxəssislərin peşəkar inkişafına töhfə verəcək və təcrübə müdabiləsini təmin edəcək 6 onlayn təlimin keçirilməsi nəzərdə tutulur.

Nəzəri-praktiki xarakter daşıyan ilk təlimdə sinqapurlu ekspertlər, ümumi təhsil müəssisələrindən seçilmiş müəllimlər, o cümlədən müxtəlif yerli nəşriyyatların mütəxəssisləri və kitab müəllifləri iştirak edib. Distant təlim zamanı iştirakçılara kurikulum çərçivəsi, Blum taksonomiyasının təlim məqsədlərinin yazılmasında rolu, təlim məqsədlərini nəzərə alaraq bölmələr və mövzular üzrə planın qurulması, horizontal və vertikal inteqrasiya barədə izah verilib, o cümlədən təlim məqsədlərinin yazılması üçün nümunələr təqdim edilib.

Artıq yerli mütəxəssislərimiz I-IV sinif “Həyat bilgisi” fənni üzrə təhsil proqramındakı təbiət elmlərinə dair məzmun standartları və yeni V sinif “Təbiət” fənni üzrə məzmun standartları üzərində işləməyə başlayıblar.