"Mən əlaçıyam" layihəsinə start verilib
Təhsildə inkişav və innovasiyalar üzrə I qrant müsabiqəsinin qalibi olmuş “Mən əlaçıyam” layihəsinə start verilib.
Gəncə şəhəri 14 saylı tam orta məktəbin müəlliməsi Xəyalə Mustafayevanın rəhbərliyi ilə müsabiqədə qalib olmuş layihənin əsas məqsədi Gəncə şəhərinin ümumtəhsil müəssisələrində təhsil alan savadlı şagirdlərin ictimaiyyətə təqdim edilməsi, bu yolla onların gələcək təhsil həyatlarında yüksək motivasiyalarının təmin edilməsidir.
Layihə çərçivəsində bilikli və savadlı şagirdlərin müəyyən edilməsi məqsədi ilə sınaq imtahanları keçiriləcək. İmtahanın nəticəsinə görə yüksək nəticə göstərmiş şagirdlərin şəkillərindən ibarət irihəcmli bannerlər hazırlanaraq həmin şagirdlərin Gəncə əhalisinə tanıdılması təmin ediləcək.
Hazırda layihə çərçivəsində planlaşdırılmış fəaliyyətlərin icrası ilə bağlı layihədə nəzərdə tutulmuş təşkilatlarla əməkdaşlıqların qurulması istiqamətində işlər aparılır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.