10.02.2021

STEAM Azərbaycan

Təhsilalanlarda innovativ texnologiyalarla işləmək, həmçinin XXI əsr bacarıqlarının artırılması və özünükəşfetmə şansı yaratmaq məqsədilə 2019-2020-ci tədris ilindən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan “STEAM Azərbaycan” layihəsi hal-hazırda Bakı şəhəri də daxil olmaqla ölkə üzrə 45 regiondan 147 ümumi təhsil məktəbini əhatə edir.
Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təhsil metodunun tətbiq edildiyi ümumi təhsil müəssisələrinin VI və VII sinifləri üzrə tədrisə, ümumilikdə 25,000-dən çox şagird cəlb olunmuşdur. Təhsilalanların bu istiqamətdə yüksək səviyyədə bilik və bacarıqlar əldə etməsi məqsədilə məktəblər lazımi innovativ texnologiyalarla təmin edilmiş, STEAM tədris metodikasına uyğun kurikulum hazırlanmışdır. Bununla yanaşı STEAM tədris prosesinin aparılması məqsədilə 800 müəllim təlimlərə cəlb olunmuşdur.
Fəaliyyət planına uyğun olaraq növbəti tədris ilindən layihənin əhatə dairəsinin genişləndirilərək ölkə üzrə 50000 - 100000 şagirdi əhatə etməsi və yaradılan STEAM Mərkəzləri sayının 10-a çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, Şirvan Şəhər Kimya-Biologiya Təmayüllü Respublika liseyinin nəzdində STEAM Mərkəzi yaradılaraq istifadəyə verilmişdir. Bununla yanaşı Bakı şəhəri Avropa Liseyi (Ağ şəhər) və Xırdalan 3 nömrəli ümumi təhsil məktəbinin nəzdində hər birinin sahəsi 600-800 m2 olan STEAM Mərkəzləri qurulmuşdur. Mərkəzlərdə həmin məktəblərin şagirdləri ilə yanaşı regionun digər məktəb şagird və müəllimləri, STEAM Kids bölməsindən isə ibtidai sinif şagirdləri bəhrələnəcəkdir.