20.10.2017

"Fənlərarası, layihə əsaslı və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və tətbiqi" layihəsi çərçivəsində təlimlər keçirilib.

“Fənlərarası, layihə əsaslı və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və tətbiqi" layihəsi çərçivəsində təlimlər keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində 247 №li məktəbin təqdim etdiyi “Fənlərarası, layihə əsaslı və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və tətbiqi" layihəsi çərçivəsində STEM Təhsil Mərkəzi ilə birgə həftə içi hər gün təlimlər keçirilib.

Həftənin birinci günü, müəllimlər STEM təhsil metodu haqqında ilkin anlayışlara yiyələniblər və mühəndis dizayn prosesi ilə yaxından tanış olublar. Mexatronika mühəndisliyi haqqında ilkin dərs keçiblər. Mexanika və elektrik mühəndisliyi, telekommunikasiya, nəzarət və komputer texnikalarını əhatə edən dizayn proseslərini mexatronika sistemlərinə daxil edərək bir çox nümunələr hazırlayıblar. Bundan əlavə 3D printing dərsləri haqqında da qısa biliklərə yiyələniblər. Daha sonra Aerokosmos mühəndisliyi dərslərindən birini yerinə yetiriblər. Bu dərslər müddətində müəllimlər mühəndis dizayn proseslərindən istifadə etməklə müxtəlif uçan mexanizmləri düzəltməyi, test və dizayn etməyi öyrəniblər.

Həftənin ikinci günündə müəllimlər Robototexnologiya dərsləri ilə tanış oldublar. Lego Mindstorm EV3 Robotları vasitəsi ilə sadə robot quraraq ilkin sadə əmrləri yerinə yetirmək üçün proqramlaşdırıblar. Elmi-texniki biliklərin robototexnologiyada vacibliyini öz hesablamaları vasitəsi ilə real həyatda tətbiq ediblər. Daha sonra Ultrasonic sensor quraşdırıb, onun vasitəsi ilə robotu maniyələrdən uzaq gəzməsi üçün proqramlaşdırıblar.

Həftənin üçüncü günü müəllimlər Elektrik və Mexanika mühəndisliyindən Levitron və Katapulta düzəldiblər. Elektrik mühəndisliyi dərsləri müddəti ərzində müəllimlər mühəndis dizayn proseslərindən istifadə etməklə elektrik dövriyyəsini qurub, test etdikdən sonra inkişaf etdiriblər. Levitasiya çarxlarını qurmaqla maqnit enerjisi haqqında biliklərini aydınlaşdırıblar. Mexanika mühəndisliyi dərsilərində isə, Katapulta düzəldərək müəllimlər kinetik və potensial enerji, elastik və plastik deformasiya haqqında məlumatların nəzəri hissəsini praktikada tətbiq ediblər.

Həftənin dördüncü günü müəllimlər Robototexnologiya dərslərini davam etdirərək əlavə motor quraşdırmaqla Lego Mindstrom robotları ilə riyazi anlayışlar, planlama, yoxlama və təlimatların şəkilləndirmə ardıcıllığı ilə verilən tapşırıqları yerinə yetiriblər. Daha sonra robotun sensorlarından istifadə etməklə məlumatların toplanmasını , analizini və robotla proqramçı arasında əlaqə ardıcıllığını öyrəniblər.

Həftənin beşinci günündə isə, müəllimlər İnşaat mühəndisliyi ilə tanış olub, öz körpülərini düzəldərək körpülərin müxtəlif dizayn növlərini təhlil edib, gərginliyinin gücünü, təzyiqin, gərilmənin və dönmənin və eyni zamanda onun strukturunda necə paylandığını kəşf ediblər. Daha sonra isə Robototexnologiya dərslərində topladıqları biliklərdən istifadə edərək öz aralarında robot yarışları keçiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində 247 №li məktəbin təqdim etdiyi “fənlərarası, layihə əsaslı və praktik dərslərdən ibarət STEM kurikulumlarının hazırlanması və tətbiqi" layihəsi STEM Təhsil Mərkəzi ilə birgə həyata keçirilir.

Layihəyə uyğun olaraq müəllimlərə təlim keçirilir, məktəbdə istifadə etmək üçün STEM kurrikulumları və STEM laboratoriyası hazırlanır. STEM dərsləri pilot olaraq məktəbin şagirdləri üçün sınaqdan keçiriləcəkdir, gələcəkdə isə məktəbdən sonra dərnək, əmək dərsləri və ya texnologiya dərslərində istifadə oluna bilər. STEM təhsil metodu tələbələrə dörd spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.