"Təhsil psixoloqu" ixtisasına daxil olan modullar
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" texniki yardım layihəsi çərçivəsində hazırlanmış dördüncü dərs vəsaiti “Təhsil psixoloqu” ixtisası və bu ixtisasa daxil olan 5 moduldan ibarətdir.
İlk təqdim olunan “Psixodiaqnostikanın həyata keçirilməsi” modulunda “Sağlam uşaq sağlam gələcək deməkdir” devizini əsas tutaraq təhsil müəssisələrində təhsil alan uşaqlarla psixoloji işin aparılmasının sağlam bir cəmiyyətin yaranmasında mühüm rola malik olduğu vurğulanır. Bu modul 3 təlim nəticəsini əhatə edir və hər bir təlim nəticəsi üzrə qiymətləndirmə meyarlarının məzmunu açıqlanıb.
İkinci modulda “Psixodiaqnostikanın həyata keçirilməsi modulu üçün testlərin stimul materialları” təqdim olunur. Burada psixodiaqnostikaya aid olan test nümunələri öz əksini tapıb.
“Psixokorreksiya işlərinin həyata keçirilməsi” adlı üçüncü modul psixokorreksiya işlərinin xüsusiyyətlərinin müəyyən olunması və həyata keçirilməsi, həmçinin görülən işin nəticəsinin qiymətləndirilməsindən ibarətdir. Burada 3 təlim nəticəsi və onların qiymətləndirmə meyarları açıqlanıb.
“Psixoloji konsultasiyanın həyata keçirilməsi” modulu bu prosesə hazırlığın görülməsi, konsultasiyanın təşkili və bu prosesin qiymətləndirilməsindən ibarətdir. Burada məqsəd bu prosesi təkcə nəzəri cəhətdən deyil, həm də təcrübədə tətbiq etməyin öyrədilməsidir.
“Psixoloji maarifləndirmə və profilaktika işlərinin aparılması” adlı sonuncu modulu bitirən hər bir tələbə psixoloji tövsiyələr hazırlamağı, profilaktika işlərini aparmağı bacaracaq. Bu modul 2 təlim nəticəsindən və hər birinin qiymətləndirmə meyarlarından ibarətdir
Modullarla daha ətraflı tanış olmaq üçün: ARTİ - Nəşrlər (arti.edu.az)