23.02.2021

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutunun UNICEF ilə əməkdaşlığı çərçivəsində "Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi" adlı layihə həyata keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutunun UNICEF ilə əməkdaşlığı çərçivəsində “Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi” adlı layihə həyata keçirilib. 2020-ci ilin may ayında start götürən layihə 2 mərhələdən ibarət olub.

İlkin mərhələdə şagirdlərin öyrənmə qabiliyyətini və müəllimə dəstəyi artırmaq, effektiv məktəb fəaliyyətini təmin etmək, qiymətləndirməni həyata keçirmək üçün tövsiyələr, distant dərsin qiymətləndirilməsi üçün meyarlar və s. hazırlanıb. Eyni zamanda, distant təhsil mövzusunda müəllimlərə distant təhsilin təşkili, e-təhsil resursları və alətləri mövzusunda təlimlər və məktəb rəhbərliyi, yerli təhsili idarəetmə orqanlarının işçiləri üçün vebinarlar keçirilib. Layihə çərçivəsində məktəbəqədər yaşlı və əlilliyi olan uşaqlar, gənc valideynlər üçün video dərslər hazırlanıb. Həmin videolar yerli telekanallar, sosial media və Təhsil Nazirliyinin onlayn təlim platformalarında yayımlanıb.

Layihənin ikinci mərhələsində distant və hibrid tədrisin təşkili, e-tədris üçün alətlər və bununla bağlı digər mövzular barədə müəllimlər üçün təlimlər, məktəb rəhbərliyi və təhsili yerli idarəetmə orqanlarının əməkdaşları üçün hibrid məktəb, distant tədris, e-tədris üçün alətlər, davamiyyətə nəzarət və s. kimi mövzularda vebinarlar təşkil olunub. Həmçinin, COVID-19 pandemiyası dövründə və sonrasında tədrisin təşkilinə dair məktəblərin, təhsili yerli idarəetmə orqanlarının peşəkar inkişafi üçün video-təlimat, vebinarlar, “Oyunların uşaqların həyatındakı rolu” və “Valideyn münasibətlərinin uşaq şəxsiyyətinin formalaşmasında rolu”na dair videolar, şagirdlərə psixososial dəstək göstərilməsi ilə bağlı müəllimlər və valideynlər üçün təlimat/tövsiyələr, eyni zamanda digər materiallar hazırlanıb.

Qeyd edək ki, layihə 2021-ci ilin fevral ayında yekunlaşır.