"Niyə gələcəyə yönəlik biznes təhsilinə BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə təhsil də daxildir?" adlı vebinar keçirilib.
Azərbaycan Respublikasının Təhsil İnstitutu 23 fevral 2021-ci il tarixində “Niyə gələcəyə yönəlik biznes təhsilinə BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə təhsil də daxildir?” adlı vebinar təşkil edib.
Vebinarda spiker qismində Korporativ idarəetmə sahəsində ixtisaslaşmış və idarə heyəti üzvlərinə konsultasiya verən təcrübəli korporativ hüquqşünas xanım Elvira de Yonq çıxış edib.
Onlayn tədbirin iştirakçıları BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olunmasına verilən töhfələrin kommersiya biznes modelinə daxil edilməsi yolları haqqında məlumatlandırılıb. Vebinar əsasən korporasiyaların qlobal problemlərin həllindəki roluna həsr olunub.
İnteraktiv formatda keçən onlayn görüşün sonunda iştirakçılar tərəfindən spikerə çoxsaylı suallar ünvanlanıb. Vebinar iştirakçılarının suallarını cavablandıran Elvira de Yonq gənclərimiz və onların peşəkar gələcəyi üçün bu tip görüşlərin mütəmadiliyinin əhəmiyyətini vurğulayıb və tədbirin təşkilatçılığına görə Təhsil İnstitutuna təşəkkürünü bildirib.
Qeyd edək ki, vebinarda 100-dən çox yerli və əcnəbi təhsil idarəçiləri və işçiləri, sənaye sahəsinin nümayəndələri, tələbələr iştirak edib.