20.10.2017

"Güvən telefonu" layihəsinin təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsinin qalibi olmuş "Güvən Telefonu" layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimat Xızı rayon Giləzi qəsəbə tam orta məktəbində həyata keçirildi. Layihənin təqdimatında rayon ictimaiyyəti, məktəb direktorları, direktor müavinləri, məktəb psixoloqları iştirak edirdi. Təqdimatı giriş sözü ilə açan Xızı rayon Təhsil şöbəsinin müdiri Oqtay Abdullayev M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin direktoru Svetlana Rüstəmovanı qalibi olduğu "Güvən Telefonu" layihəsi münasibəti ilə təbrik edib, ölkənin ümumi quruculuğunda, təhsilimizin inkişafında verdiyi böyük töhvələrə görə ölkə başçısına, təhsil nazirinə dərin minnətdarlığını bildirdi. Sonra gələn qonaqları salamlayan layihə rəhbəri, Giləzi qəsəbə tam orta məktəbinin direktoru  Svetlana Rüstəmova Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil məktəblərində, müəllimlərdə inkişafı, innovasiyaları daimi dəstəklədiyini və bunun gələcək inkişafda böyük dəyərlər verəcəyindən danışdı. 

Layihənin təlimçisi İman Ağayev təqdimat iştirakçılarına layihənin keçirilmə məqsədlərindən, əhatə edəcəyi rayonun ümumtəhsil məktəblərindən geniş məlumat verdi. Təlimçinin verdiyi məlumata əsasən öncədən razılaşdırılmış cədvələ əsasən məktəblərdə şagirdlərlə maarifləndirici görüşlər və işçi heyəti ilə operator psixoloqların hazırlanması üçün peşəkar telefon psixoloqu tərəfindən təlimlər keçiriləcək. Layihə zamanı 210 nəfər şagirdlə maarifləndirici görüşlər, 60 nəfər heyətə isə təlimlər keçiriləcək.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.