İbtidai siniflər üçün ehtiyat dərsliklər sınaqdan keçirilir.
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə hazırlanan ehtiyat dərsliklər 274 məktəbdə sınaqdan keçirilir. Bu dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir. Hazırda Təhsil İnstitutu həmin dərsliklərin tətbiq olunduğu pilot siniflərdə monitorinq aparır. Monitorinqin məqsədi dərslik materiallarının şagirdlər tərəfindən qavrama səviyyəsinin yoxlanılması, həmçinin müəllimlərin yerində maarifləndirilməsidir. Eyni zamanda, mütəmadi qaydada həyata keçirilən müşahidələr və monitorinqlərin nəticəsi olaraq kütləvi istifadəyə verilmiş 1-ci sinif, növbəti illərdə istifadəyə verilməsi planlaşdırılan 2-ci və 3-cü sinif dərsliklərinin təkmilləşdirilməsi, ibtidai siniflər üçün hazırlanan dərsliklərdə həm müasirləşən dünya və yeni texnologiyaların tətbiqi, həm də tariximizin şanlı səhifələrinin təbliği ilə gənc nəslin dünya standartları ilə ayaqlaşan və vətənpərvər ruhda yetişdirilməsi qarşıya qoyulmuş mühüm vəzifədir.
Təhsil İnstitutunun əməkdaşları və dərsliklərin müəlliflərindən ibarət işçi qrupu tərəfindən regionlar üzrə ehtiyat dərsliklərin tətbiq olunduğu məktəblərdə müşahidələr aparılıb. Fevral-mart ayları ərzində Balakən, Zaqatala, Qax, Şəki, Lənkəran, Astara, Masallı, Cəlilabad, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağstafa, Tovuz, Qazax, Quba, Qusar, Xaçmaz, Gəncə, Göygöl, Yevlax, Goranboy, Şəmkir, Şamaxı, Göyçay, İsmayıllı, Qəbələdə şifahi sorğu əsasında şagirdlərin nailiyyətləri yoxlanılıb, müəllimlərə müvafiq fənn üzrə dərslik materiallarının tədrisi ilə bağlı tövsiyələr verilib. Qeyd edək ki, monitorinqlər növbəti həftə ərzində Bakı şəhərində davam etdiriləcək.