21.10.2017

Ağdaşda "Gələcəyə doğru" layihəsinin təqdimat mərasimi keçirilib

Oktyabrın 20-də Ağdaş rayonu N.Babayev adına Qəribli kənd tam orta məktəbində Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi üzrə qalib gəlmiş "Gələcəyə doğru" layihəsinin təqdimatı keçirilib.

Təqdimat mərasimində Ağdaş rayonu N.Babayev adına Qəribli kənd tam orta məktəbinin direktoru P. Məmmədov, layihə rəhbərləri Aqşin Kərimli və Kamran Seyidov, müəllimlər və şagirdlər iştirak ediblər. Layihə rəhbərləri müəllim və şagirdlərə layihənin məqsədi və görüləcək işlər haqqında məlumat veriblər.

Layihənin məqsədi şagirdlərin dünya görüşünü stimullaşdırmaq, onlar arasında dostluq münasibətlərini inkişaf etdirmək, bacarıq və istedadlarını üzə çıxarmaq, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və digər dəyələri haqqında daha geniş məlumat verməkdir. Bu məqsədlə layihəninin gedişində intellektual oyunlar, təqdimatlar, müsabiqələr və səfərlər nəzərdə tutulur.

V-XI sinif şagirdlərini əhatə edən layihənin  əsasən Qəribli kənd tam orta məktəbində həyata keçirilməsi nəzərədə tutulub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.