"Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri" adlı vebinar keçirilib
Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə 15 mart 2021-ci il tarixində "Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri" adlı vebinar keçirilib.
MEM Psixologiya Mərkəzinin həmtəsisçisi və psixoloqu, Dos. Dr. Mehmet Palancı vebinarda məruzəçi qismində çıxış edib.
Gənc nəslin psixoloji cəhətdən sağlam yetişdirilməsi istiqamətində bir sıra araşdırma və təhlillərin müəllifi olan spiker vebinar zamanı uşaq və gənclərə psixoloji dəstəyin əhəmiyyəti, onların psixoloji vəziyyətinin və problemlərinin mənşəyinin müəyyən olunması, valideynlərin və cəmiyyətin bu prosesdəki rolu haqqında danışıb. Bundan əlavə, Mehmet Palancı çıxışı zamanı uşağın tərbiyəsində bir sıra məqamların, xüsusilə də onun temperament və xarakterinin spesifik tərəflərinin nəzərə alınmalı olduğunu qeyd edib. Spiker bildirib ki, uşağa fərdi yanaşma, valideynin uşağın temperamentini düzgün dəyərləndirməsi və buna uyğun davranması mühüm əhəmiyyət kəsb edir. Vebinar zamanı hər bir uşağın uğurlu gələcəyi və karyerası üçün ona seçim azadlığının verilməsi, həmçinin bunun üçün temperamentinin nəzərə alınması, beynəlxalq səviyyədə aparılmış araşdırmalara əsasən müxtəlif ölkələrdə uşaqların əldə etdikləri nailiyyətlərin müqayisəsi kimi mövzulara toxunulub. Eyni zamanda, Enneaqram modeli və bu istiqamətdə aparılmış elmi tədqiqatlara əsaslanaraq valideyn və müəllimlərin uşağa individual davranışının üstünlükləri, uşağın gələcəyində bu yanaşmanın faydaları haqqında geniş məlumat verilib.
150-ə yaxın iştirakçının qatıldığı vebinar böyük maraqla qarşılanıb.