Cəbhəyanı ərazilərdə "Əsas sosial emosional bacarıqların inkişafı" mövzusunda təlimlər təşkil olunur
Azərbaycan Respublikasının Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihəni icra edir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə "Əsas sosial emosional bacarıqların inkişafı" mövzusunda təlimlər təşkil olunur. Təlimlər Vətən müharibəsindən təsirlənən müəllimlərə və şagirdlərə psixoloji dəstək vermək, onların sosial və emosional bacarıqlarını gücləndirmək məqsədilə həyata keçirilir.
Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonlarını, Naftalan və Gəncə şəhərini əhatə edən təlim proqramı sosial emosional öyrənmə, sosial emosional bacarıqlar, empatiya, şagirdlərdə emosional bacarıqların inkişaf etdirilməsi, dəstəkləyici sinif mühitinin yaradılması və s. mövzuları əhatə edir.
Təlimlər zamanı müdavimlərə şəxsiyyətdaxili və şəxsiyyətlərarası sosial emosional bacarıqlar, həmçinin onların müəllimlərdə və şagirdlərdə inkişaf etdirilməsi üsulları haqqında məlumatlar verilir. Eyni zamanda, mövzularla bağlı müəllimlərin fikirləri dinlənilir, bu bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş psixogimnastik çalışmalar, nəfəs texnikaları və müvafiq faydalı tapşırıqlar işlənilir.
Qeyd edək ki, “Əsas sosial emosional bacarıqların inkişafı” mövzusunda təlimlər Microsoft Teams platforması üzərindən onlayn formatda keçirilir. Mart ayının sonuna qədər 3000 müəllimin təlimə cəlb olunması nəzərdə tutulub.
Həmçinin, fevral-mart ayları ərzində 300 nəfər məktəb psixoloqu üçün “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri” mövzusunda ixtisasartırma təlimlərinin keçirilməsi nəzərdə tutulub. Hal-hazırda sözügedən təlimlərdə 150 nəfər iştirak edib.