Azərbaycan Respublikası Təhsil İnstitutunun kollektivində yeni təyinatlar olub
MDM-in Metodik xidmət şöbəsinə Nigar Əhmədzadə müdir təyin edilib. N.Əhmədzadə bakalavr təhsilini Bakı Dövlət Universitetinin Tarix fakültəsində alıb. 1993-1994-cü illərdə Bakı şəhəri, Binəqədi rayonu 158 saylı tam orta məktəbdə tarix, 1994-2000-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu 291 saylı “Araz” Ekologiya liseyində Yeni tarix, Ən yeni tarix, Azərbaycan tarixi, İnsan və cəmiyyət fənlərini tədris edib. 2001-2010-ci illərdə Bakı Kompüter Kollecində Tədris hissə müdiri, daha sonra həmin tədris müəssisəsində müəllim kimi fəaliyyət göstərib. 2012-ci ildə Təhsil Problemləri İnstitutunda (hal-hazırda Təhsil İnstitutu) “Ümumi təhsildə fənn kurikulumu və fəal təlim” təlimi üzrə təlimçi, 2015-2020-ci illərdə “Təhsildə innovativ texnologiyalar” əlavə təhsil mərkəzində “Monitorinq və qiymətləndirmə” üzrə aparıcı mütəxəssis, Təhsil Nazirliyinin və Təhsil İnstitutunun bir çox layihələrində təlimçi, ekspert kimi çalışıb.
Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) Əlaqələndirmə şöbəsinə isə Elxan Nəcəfov rəhbərlik edəcək. E.Nəcəfov bakalavr təhsilini Bakı Dövlət Universitetində Filologiya ixtisası, magistr təhsilini isə Gəncə Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodologiyası və metodikası” ixtisası üzrə tamamlayıb. Daha sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis, Təhsil Nazirliyində ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektlərinin qiymətləndirilməsi üçün yaradılmış “Dərsliklərin qiymətləndirilməsi şurası”nda ekspert, Təhsil Nazirliyinin və Təhsil İnstitutunun bir çox layihələrində ekspert, təlimçi, komissiya üzvü kimi fəaliyyət göstərib. Eyni zamanda, 2016-cı ildən Respublika fənn olimpiadaları çərçivəsində Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə komissiya üzvü, 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, 2019-cu ildən Dövlət Gömrük Komitəsinin Akademiyasında və Bakı Biznes Universitetində “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənləri üzrə müəllim kimi fəaliyyət göstərir. “Ədəbiyyat nəzəriyyəsi” dərs vəsaitinin müəllifi, “Azərbaycan dili” dərs vəsaitinin həmmüəllifi, “Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətinin” tərtibçisi və həmmüəllifi, abituriyentlər üçün nəzərdə tutulmuş test tapşırıqları və çalışmalar toplusunun həmmüəllifidir. O, həmçinin tədris dili Azərbaycan dili olan ümumtəhsil məktəblərinin 5-ci və 6-cı sinifləri üzrə nəzərdə tutulmuş Azərbaycan dili dərsliyinin elmi redaktorudur.
Təhsil İnstitutunun Layihə katibliyinin rəhbəri vəzifəsinə isə Nailə Ömərova təyin olunub. N.Ömərova bakalavr təhsilini Xəzər Universitetində Regionşünaslıq ixtisası, magistr təhsilini isə Böyük Britaniyanın Bristol Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə tamamlayıb. O, Böyük Britaniyanın King's College London Universitetində təqaüd proqramı ilə yay kursunda iştirak edib. 2015-2018-ci illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib. 2020-ci ildən Təhsil İnstitutunun Layihə katibliyində baş mütəxəssis kimi çalışmağa başlayıb.