"Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək" layihəsi ictimaiyyətə təqdim olunub
Oktyabrın 21-də İsmayıllı rayon İ.Həsənov adına 1 saylı məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olan “Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək” layihəsi ictimaiyyətə təqdim olunub.
Tədbirdə İsmayıllı rayon icra hakimiyyətinin müavini Rövşən Ağayev, baş məsləhətçi Gülər Baxışova, RTŞ-nin metodisti, əməkdar müəllim Şəfaqət Rəsulov, layihənin eksperti Demokratik Gənclər Birliyinin sədri, Peşəkar Təlimçilər Akademiyasının direktoru Ramil Süleymanov, 1 saylı məktəbin direktoru Gündüz Qədirov, 7 saylı məktəbin direktoru fəlsəfə doktoru Etibar Abdulov, AR Prezidenti yanında Bilik Fondunun İsmayıllı filialının sədri Sevinc Novruzova, rayon və kənd məktəblərinin müəllimləri, UADM-nin psixoloqları, 11-ci sinif şagirdləri və media nümayəndələri iştirak ediblər.
Layihə haqqında ətraflı məlumat verən layihə rəhbəri Pərvanə Piriyeva problemin Azərbaycan Respublikasında təhsil sahəsinin inkişafı üçün aktual olduğunu əsaslandırıb. Çıxış edən qonaqlar eləcə də tədbirə birbaşa canlı yayımla bağlanan layihənin könüllü psixo-pedaqoqu, Rusiya Federasiyası Moskva şəhər Psixoloqlar Qildiyasının həqiqi üzvü, elmər namizədi Gültəkin Mürsəliyeva son dövrlər insan cəmiyyətində ən mühim problemlərdən birinin psixoloji problemlər olduğunu, bu problemlərin yaranmasının cəmiyyət və ailə içindəki məsuliyyətdən, düzgün ailə münasibətlərinin qurulmamasından, təlim-tədrisdə müəllim və pedaqoqların psixoloji yanaşmasındakı yanlışlıqlardan və informasiyanın həddən atrıq yüklənməsindən irəli gəldiyini vurğulayıb. Sonda tədbir iştirakçıları layihənin davamlılığı barədə maraqlı təkliflər irəli sürüblər.
Layihəyə uyğun olaraq oktyabr ayının 26-da iştirakçı seçiminin, 28 oktyabrda isə ilk təlimin keçirilməsi nzərdə tutulur.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.