12.04.2021

V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsi davam edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu və Sinqapurun Marşal Kavendiş İnstitutu tərəfindən birgə icra olunan V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsi davam edir. Layihənin ikinci mərhələsində sinqapurlu riyaziyyat mütəxəssisləri Dr. Lai və cənab Brandon azərbaycanlı riyaziyyat mütəxəssislərinə riyaziyyat dərsliklərinin təhlili prosesinin təfsilatı haqqında 5 təlim proqramı keçir. Təlimlərin əsas mövzusu dərsliklərin təhlili mərhələləri, metodikası, şagirdlərin məzmunu mərhələli və praktik şəkildə öyrənməsi üçün tətbiq edilən metodların dərsliklərdə düzgün əks etdirilməsidir.

Eyni zamanda,  yerli mütəxəssislər dərsliklərin təhlilində nəzəri biliklərin praktik cəhətdən tətbiqini təmin etmək üçün sinqapurlu mütəxəssislərlə birlikdə mövcud dərsliklərdən seçilmiş hissələrin təhlilini aparırlar.

Təlimlərdə 7 yerli riyaziyyat mütəxəssisi əsas iştirakçı olmaqla yanaşı, Dövlət İmtahan Mərkəzinin, Təhsil Nazirliyinin və Təhsil İnstitutunun nümayəndələri də iştirak edir.

Qeyd edək ki, layihənin ikinci mərhələsinin növbəti təlimi 10 aprel 2021-ci il tarixində baş tutub.