22.10.2017

"İstedadlı uşaqlarla işin təşkilində elmi tövsiyələr, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübəyə istinad edilməsi" layihəsi öz işini davam etdirir

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “İstedadlı uşaqlarla işin təşkilində elmi tövsiyələr, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübəyə istinad  edilməsi” layihəsi çərçivəsində işlər davam edir.

Şabran şəhəri Tofiq  Abbasov adına 1 nömrəli tam orta məktəbin müəllimi Fazilova Şəfəq tərəfindən təqdim olunmuş layihə üzrə nəzərədə tutulmuş işlərin həyata keçirilməsi üçün ADPU-nun Quba filialında və 1 nömrəli tam orta məktəbdə 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. Hazırda komitə üzvləri tərəfindən dünyanın apаrıcı ölkələrinin təhsil sistеmlərində istedadlı uşaqlarla aparılan işlərin təhlili prosesi davam etdirilir.

Qeyd edək ki, oktyabr ayının 27-də layihə çərçivəsində T.Abbasov adına tam orta məktəbdə “İstedadlı uşaqlarla işləyən kontingentin müəyyənləşdirilməsi, stimullaşdırılması istiqamətində hazırlanması və pedaqoji işçilər üçün istedadlı uşaqlarla iş fəaliyyətin xarakterik xüsusiyyətlərinə həsr olunmuş ixtisasartırma tədbirlərinin həyata keçirilməsi” adlı dəyirmi masa keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı 5-6 və 7-ci sinif şagirdləri arasında istedadlı uşaqları müəyyən etmək üçün  I seçim turunun keçirilməsinə hazırlıq işləri davam etdirilir.

Davam edən işlərlə yanaşı artıq layihə çərçivəsində bir sıra işlər görülüb. Belə ki, “5 oktyabr Müəllimlər günü” münasibəti ilə layihə çərçivəsində məktəbin 72 nəfər rus bölməsi şagirdi arasında “Biz sizin istedadlarıq”  adlı bilik yarışı və viktorina keçirilib, qaliblər mükafatlandırılıb.   

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.