V sinif Təbiət fənni üzrə dərslik komplektinin müəllifləri arasında görüş keçirilib
Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil standartları və proqramları və Tədris resursları şöbələrinin təşkilatçılığı ilə 1 may 2021-ci il tarixində Sinqapurun "Alston" nəşriyyat evi ilə birgə keçirilən layihə çərçivəsində V sinif Təbiət fənni üzrə dərslik komplektinin müəllifləri arasında görüş keçirilib. Görüşdə, həmçinin Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və direktor müavini Ülkər Babayeva iştirak ediblər.
Görüşün əsas mövzusu layihənin gedişatının müzakirəsi və görülən işlərin təqdimatı olub. İclasda V sinif Təbiət fənni üzrə dərslik komplektinin ilkin əlyazmaları təqdim olunub və müzakirə edilib, İnstitutun rəhbərliyi və müəlliflər arasında fikir mübadiləsi aparılıb. Görüş zamanı bu layihənin davamında görüləcək işlər barədə qərarlar qəbul olunub.
Qeyd edək ki, Sinqapurun "Alston" nəşriyyat evi ilə birgə həyata keçirilən layihənin ilkin mərhələsində Təbiət elmləri üzrə dərsliklərin təkmilləşdirilməsi məqsədilə fəaliyyət göstərilib. Bunun üçün ibtidai təhsil səviyyəsində cari vəziyyət – kurikulum, təlim və tədris materialları təhlil olunub və müvafiq tövsiyələrə əsasən yeniliklər edilib. Nəzərinizə çatdıraq ki, 2021-ci ilin fevral ayından etibarən V sinif Təbiət fənni üzrə dərslik konsepsiyası, dərslik, metodik vəsait və iş dəftərinin hazırlanması prosesi həyata keçirilir. "Alston" nəşriyyat evi tərəfindən Təbiət fənni üzrə təhsil proqramının və dərslik komplektlərinin hazırlanması məqsədilə indiyədək bir sıra distant təlimlər keçirilib.