18.05.2021

"Gələcəyin müəllimləri" mövzusunda təlim keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi 17 may 2021-ci il tarixində Pedaqoji fakültənin tələbələri üçün “Gələcəyin müəllimləri” mövzusunda növbəti təlim keçirib.

Müəllimlik peşəsinin əhəmiyyəti ilə bağlı tələbələri maraqlandıran bir çox mövzuları əhatə edən təlimin spikeri Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov olub.

Mənsur Məhərrəmov peşəkar müəllim olmağın yolları və müəllimlərdən gözləntilər barədə çıxış edib. Müəllimlik peşəsinin əhəmiyyəti haqqında danışan M.Məhərrəmov çıxışı zamanı qeyd edib ki, müəllimlik sənətinin ən vacib tərəfi müəllimin tədris etdiyi fənni, təlim strategiyası və metodlarını mükəmməl bilməsi, pedoqoji bacarıqları və təcrübəsinin olmasıdır. Bundan əlavə, spiker tərəfindən müəllimlərin peşəkar inkişafını təmin etməyin yolları, gənc müəllimlər və onların işlə təmin olunması kimi aktual mövzulara toxunulub.

Təhsil İnstitutunun müəllimlərin peşəkar inkişafına və pedaqoji fəaliyyətinə verdiyi töhfələri vurğulayan M.Məhərrəmov sonda  təlim iştirakçılarının suallarını cavablandırıb.