Metodik dəstək mərkəzi tərəfindən distant seminarlar təşkil ediləcək
Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək mərkəzi tərəfindən müntəzəm şəkildə distant seminarlar təşkil ediləcək. Seminarların keçirilməsində əsas məqsəd metodik kabinetlərin fəaliyyətinin səmərəli qurulması, metodistlərin peşəkar bacarıqlarının artırılması, müəllimlər üçün metodik xidmətin təmin edilməsidir.
May ayı ərzində keçiriləcək distant seminarlar metodik kabinet müdirləri və metodistlər üçün nəzərdə tutulub. Microsoft Teams platforması üzərindən təşkil ediləcək seminarlar metodik kabinetlərin fəaliyyət planı nümunəsi, metodistin peşəkar portfoliosu və metodik kabinetlərin hesabat nümunəsi mövzularını əhatə edəcək.
Nəzərinizə çatdıraq ki, növbəti aylarda Metodik dəstək mərkəzi tərəfindən həyata keçiriləcək distant seminarların iştirakçı baxımından əhatə dairəsi genişləndiriləcək. Mövzuya uyğun olaraq seminarlarda müəllim və valideynlərin də iştirakı mümkün olacaq.
Qeyd edək ki, Metodik dəstək mərkəzinin yaradılmasında əsas məqsəd tədris prosesinin təşkilində təhsilverənlərə dəstək üçün metodik köməkliyin göstərilməsi, bu sahədə yeniliklərin və yenidənqurma fəaliyyətinin tətbiq edilməsi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumi təhsil müəssisəsində öyrədici mühitin yaradılması, metodist hazırlığı və yenidənhazırlanması istiqamətində müvafiq işlərin icrasıdır.