19.05.2021

"Teledərs" layihəsi uğurla davam etdirilir

COVID-19 pandemiyası ilə əlaqədar olaraq 3 mart 2020-ci il tarixindən etibarən Təhsil Nazirliyi tərəfindən start verilən “Teledərs” layihəsi uğurla davam etdirilir. Onlayn və əyani dərslərə dəstək məqsədilə həyata keçirilən layihə çərçivəsində müxtəlif mövzularda dərslər hazırlanır, “Dərs vaxtı” proqramı adı altında “Mədəniyyət” və “ARB Günəş” telekanalları vasitəsilə həftə içi hər gün yayımlanır.

“Teledərs” layihəsi Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi və “Təhsil TV”-nin əməkdaşları tərəfindən koordinasiya edilir.

Layihəyə müxtəlif fənlər üzrə müəllimlər cəlb olunub və bugünədək müxtəlif məktəblərdən 200-ə yaxın müəllim dərslərin hazırlanması prosesində iştirak edib. “Teledərs” layihəsi çərçivəsində artıq 8633 dərs efirdə yayımlanıb.

Eyni zamanda, həftə ərzində 2 dəfə Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən müxtəlif fənlər üzrə canlı yayımlar təşkil olunur. Sözügedən canlı yayımlarda telelayihələrin müəllimləri şagirdlərin öyrənməkdə çətinlik çəkdiyi mövzuları izah edir, şagirdlərin verdiyi sualları cavablandırırlar.

Bundan əlavə, layihə çərçivəsində inteqrativ dərslər, “Virtual məktəb”də müəllimlərə dəstək, elmin möcüzələri, “STEAM” dərsləri, eşitmə çətinliyi olan uşaqlar üçün dərslər, “Qüvvət elmdədir” (Nizami Gəncəvi-880), məktəbəqədər yaş dövründə uşaqların inkişafı üçün “Oynaya, öyrənə” kimi telelayihələr də “Mədəniyyət” və “ARB Günəş” telekanallarında işıqlandırılır.