21.05.2021

Milli qiymətləndirmə təşkil olunacaq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu cari ilin 1-11 iyun tarixlərində ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirməni təşkil edəcək.

Milli qiymətləndirmənin Azərbaycan və  rus bölmələri üzrə təşkili nəzərdə tutulub. Bu il keçiriləcək milli qiymətləndirmə həm əyani (seçilmiş siniflər üzrə), həm də onlayn (“Virtual məktəb” platformasında) formatda təşkil olunacaq.

Onlayn qiymətləndirmə prosesində II-VIII və X sinif şagirdləri ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaq. Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında ümumi şagird qruplarında “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır.

Əyani qiymətləndirmə prosesində isə IV, VI və IX sinif şagirdlərinə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə suallar veriləcək.

İyun ayında keçiriləcək milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu nəzərdə tutulub.

Qeyd edək ki, sistemli tədqiqat şəklində aparılan milli qiymətləndirmənin keçirilməsində məqsəd etibarlı məlumatların toplanması, təkliflərin verilməsi və problemlərin həll edilməsi  üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir.