21.05.2021

"Metodik kabinetin fəaliyyət planı nümunəsinin şərhi" mövzusunda vebinarlar təşkil olunub

Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən 20-21 may 2021-ci il tarixlərində metodik kabinet müdirləri və metodistlər üçün vebinarlar keçirilib. "Metodik kabinetin fəaliyyət planı nümunəsinin şərhi" adlı vebinarlar metodik kabinetlərin fəaliyyətinin səmərəli qurulması, metodistlərin peşəkar bacarıqlarının artırılması, müəllimlər üçün metodik xidmətin təmin edilməsi məqsədilə təşkil edilib. Vebinarlarda spiker qismində  Metodik Dəstək Mərkəzinin Metodik xidmət şöbəsinin müdiri Nigar Əhmədzadə çıxış edib.

Vebinarlarda təhsil prosesinin təşkili, həmçinin metodik kabinetin fəaliyyətinin idarə edilməsi, təşkilati və metodik fəaliyyət mövzuları haqqında məlumat verilib. Spiker pedaqoji heyətin işinin təşkili haqqında danışarkən bacarıqların ölçülməsi, kvalifikasiyanın artırılması, mənimsəmənin qiymətləndirilməsi və şagird nəticələrinin yaxşılaşdırılması, eyni zamanda pedaqoji və idarə heyətinin attestasiyası ilə bağlı çıxış edib. Tədrisin keyfiyyətinə nəzarət, innovativ və eksperimental fəaliyyətə dəstək, ümumtəhsil müəssisələrinin monitorinqi və s. kimi mövzular metodik kabinet müdirləri və metodistlərlə müzakirə olunub.

Sözügedən distant təlimlərdə 400-dən çox metodik kabinet müdiri və metodist iştirak edib.

Nəzərinizə çatdıraq ki, növbəti aylarda Metodik Dəstək Mərkəzi tərəfindən həyata keçiriləcək distant seminarların iştirakçı baxımından əhatə dairəsi genişləndiriləcək. Mövzuya uyğun olaraq seminarlarda müəllim və valideynlərin də iştirakı mümkün olacaq.